REACT-C19 layihəsinin ikinci mərhələsi uğurla yekunlaşıb

...Bir ay yarımdır davam edən və indiyədək 8 xəstəxananı əhatə edən layihədə Türkiyədə işləyən 19 azərbaycanlı həkim iştirak edir

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 22 May 2020, 12:16

Azərbaycanda COVID-19-a qarşı hazırlıq və mübarizə tədbirləri çərçivəsində xəstəxanalarda əsas bacarıqları sürətlə artırmaq məqsədilə həyata keçirilən REACT-C19 layihəsinin ikinci mərhələsi uğurla yekunlaşıb. Bir ay yarımdır davam edən və indiyədək 8 xəstəxananı əhatə edən layihədə Türkiyədə işləyən 19 azərbaycanlı həkim iştirak edir.

 

İnterAz xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı mayın 22-də layihənin ikinci mərhələsinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, bu müddət ərzində REACT-C19 heyəti seçilmiş xəstəxanalardakı mövcud vəziyyəti qiymətləndirib və boşluqların aradan qaldırılmasında xəstəxanalara dəstək olub: “Bakıdakı 4 xəstəxanada - Mərkəzi Neftçilər Xəstəxanası, “Yeni klinika”, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarında işlərini yekunlaşdırdıqdan sonra həkimlər dörd bölgəyə - Gəncə, Ağdaş, Goranboy və Şəmkirə yola düşüblər.

 

REACT-C19 heyəti ÜST-nün Xəstəxana Hazırlıq Siyahısından istifadə edərək seçilmiş xəstəxanalarda mövcud vəziyyəti dəyərləndirib, problemlərin aradan qaldırılmasına dəstək olublar, eləcə də xəstəxanaların hazırlıq səviyyəsini artırmaq üçün orada çalışan həkimlərlə birgə fəaliyyət planı üzərində işləyiblər. Standart qiymətləndirmə alətinin istifadəsi tibb işçilərinin gündəlik fəaliyyətlərində işlərinin daha səmərəli aparılmasına yardımçı olub.

 

Həkim-mütəxəssislər infeksiyanın qarşısının alınması və nəzarət komitələrinin yaradılması və gücləndirilməsi, eləcə də triaj sistemlərinin qurulması üzərində çalışıblar. Bu tədbirlər infeksiyanın tibb işçilərinə, xəstələrə və ailələrə yayılmasını minimuma endirmək üçün vacibdir. Bu müddət ərzində həkimlər, tibb bacıları və xəstəxanalardakı köməkçi heyət daxil olmaqla 400-dən çox tibb işçisi REACT-C19 həkimlərinin keçirdiyi təlimlərdə iştirak edib. Onlar təlimlərin keçirilməsi və standartların yaradılması ilə yanaşı, ağır xəstələrin müalicəsinə dair bilik və təcrübələrini yerli həkimlərlə bölüşüblər. REACT-C19 heyəti iyunun sonunadək Azərbaycanın müxtəlif bölgələrində fəaliyyətini davam etdirəcək.

 

Xəstəxanaların rəhbərliklərinə və işçilərinə bu prosesdə göstərdikləri misilsiz xidmət üçün, həkimlərimizə isə verdikləri əvəzsiz töhfələrə görə təşəkkür edirik.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev deyib: “REACT-C19 layihəsinin ikinci mərhələsi uğurla yekunlaşıb. Hazırda növbəti mərhələdəyik. Əminəm ki, Türkiyədən gələn soydaşlarımızın pandemiya dövründə ölkəmizdəki həmkarlarına dəstəyi çox müsbət nəticələr verəcək və biz az itki ilə koronavirusa qarşı mübarizəni başa çatdıracağıq".

 

Milli Məclisin deputatı Soltan Məmmədov bildirib ki, Prezident İlham Əliyevin pandemiyanı məğlub etmək üçün bütün resursların səfərbər edilməsinə səbəb olan “Biz birlikdə güclüyük” müraciəti dünya ictimaiyyətinə koronavirus pandemiyası ilə vahid mübarizədə həmrəylik nümayiş etdirmək üçün şüar olmalıdır. REACT-C19 layihəsi həmrəyliyimizi göstərmək, bu çətinliyin öhdəsindən gəlmək və bütün səyləri səfərbər etmək üçün beynəlxalq tərəfdaşlığın ən yaxşı nümunəsidir.

 

Qeyd edək ki, REACT-C19 layihəsi Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, USAID, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Koreya Respublikası ilə birgə əməkdaşlıq çərçivəsində ÜST tərəfindən Azərbaycanda COVID-19-a qarşı xəstəxanalarda əsas bacarıqları artırmaq məqsədilə həyata keçirilir. Hazırda Türkiyədə yoluxucu xəstəliklər, pulmonologiya, anesteziologiya və reanimasiya, daxili orqan xəstəlikləri üzrə işləyən 19 həkim REACT-C19 heyətində təmsil olunur.