Amil Cavadov: Birgəyaşayış bizim qürur duyduğumuz sərvətimizdir

Azərbaycan dövləti məscid, kilsə, sinaqoq tikən, dini-tarixi abidələri qoruyan, ibadət ocaqlarını abadlaşdıran və yenidən bərpa edən dövlətdir.

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Iyun 2020, 16:41

 Azərbaycan dövləti məscid, kilsə, sinaqoq tikən, dini-tarixi abidələri qoruyan, ibadət ocaqlarını abadlaşdıran və yenidən bərpa edən dövlətdir.

 

Bu fikirləri İnterAz-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, YAP Gənclər Birliyinin Şura üzvü Amil Cavadov deyib.

 

A.Cavadovun sözlərinə görə, ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə ibadət ocaqlarında həyata keçirilən bərpa və yenidənqurma işləri, yeni ibadət yerlərinin inşa olunması, tarixi, dini, milli və mədəni dəyərlərimizə, mənəvi zənginliyimizə verilən qiymətin gözəl nümunələrdir.

 

"Təbii ki, bütün bunlar Azərbaycanda dövlət-din münasibətlərinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Tarixdən gələn tolerant və multikultural dəyərlər, birgəyaşayış isə bizim qürur duyduğumuz sərvətimizdir. 1991-ci ildə müstəqilliyimizi yenidən bərpa edəndə ölkəmizdə 17 məscid fəaliyyət göstərirdi. Bu gün Azərbaycanda 2500-dən çox məscid var. Onlardan 136-sı Bakı şəhərində yerləşir. Ölkə ərazisində 14 kilsə, 7 sinaqoq mövcuddur. Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 942 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 907-si İslam, 35-i isə qeyri-islam (xristian – 24; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür", deyə A.Cavadov vurğulayıb.