Bu gün daha 250 nəfər Dağıstandan Azərbaycana gətirilib

...“Digər ölkələrdən də çarter reyslərinin həyata keçirilməsi planlaşdırılır”

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 30 Iyun 2020, 18:26

“Digər ölkələrdən də çarter reyslərinin həyata keçirilməsi planlaşdırılır”.

 

İnterAz-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

H. Hacıyev deyib ki, bu, həmin ölkələrdəki tendensiyalarla bağlıdır: “İstanbuldan belə reyslər təşkil olunur. Həmin şəxslər iki həftə evdən çıxmamaq barədə iltizam verir, onlara evdən çölə çıxmaq üçün SMS icazə verilmir. Dağıstandan gələnlər üçün də belə qayda var. Bu gün daha 250 nəfər Dağıstandan quru sərhədini keçib. Onlar xüsusi ayrılmış avtobuslar vasitəsilə sərhədi keçiblər. Rusiyadan gətirilənlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Federasiyası ilə sərhəddə - Qusar rayonunun ərazisində yerləşən "Samur" sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsinə yerləşdirilib. Onlar ilk olaraq müvafiq tibbi yoxlamadan keçirilib”.