Sabah Bakıda 40 dərəcəyə yaxın isti gözlənilir

...Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 07 Iyul 2020, 14:18

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən İnterAz-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 35-39, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə, iyulun 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, arabir durğun hava şəraiti və gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.