TƏBİB qəzaya düşən həkimlərin son durumunu açıqlayıb

...Hadisə nəticəsində sürücü və 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Xudat, Xanlar Cəbrayılov, , İnteraz - 08 Iyul 2020, 16:46

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan zaman qəzaya düşən Xudat Şəhər Mərkəzi Xəstəxanasının həkimlərinin son durumunu açıqlayıb.

 

Bununla bağlı İnterAz-a açıqlama verən TƏBİB-in Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib ki, hadisə nəticəsində 7 həkim xəsarət alıb.

 

“Onlardan 5 nəfərinin xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə göndərilib. 2 nəfər həkim isə xəstəxanaya müayinə üçün aparılıb. Hazırda onların müayinələri davam edir”, - o bildirib.

 

*** 16:45

 

Xudat şəhər xəstəxanasının həkim briqadasının avtomobili qəzaya uğrayıb, 7 nəfər tibb işçisi və sürücü xəsarətlər alıb 

 

İnterAz-ın bölgə müxbiri xəbər verir ki, Quba Mərkəzi Rayon  Xəstəxanasından geri qayıdan tibbi personal avtomobil qəzasına düşüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

 

 Xudat şəhər Xəstəxanasının tibbi personalı Quba Rayon Xəstəxanasından növbədən qayıdarkən, yolda təcili tibbi yardım avtomobilində qəzaya uğrayıb. Hadisə nəticəsində sürücü və 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

 

Xudat şəhər Xəstəxanasının baş həkimi Qədir Hüseynov faktı təsdiqləyib, işçilərin vəziyyətinin qənaətbəxş olduğunu bildirib. 

 

Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən briqadalardan birinin tibb işçiləri olub.

 

Faktla bağlı araşdırma aparılır.