Milli qəhrəman Rafiq Alıcanovun doğum günüdür

... R.Alıcanovun anadan olmasından 55 il ötür

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Iyul 2020, 12:02

Bu gün Azərbaycanın Milli qəhrəmanı Rafiq Alıcanovun doğum günüdür.

 

İnterAz xəbər verir ki, R.Alıcanovun anadan olmasından 55 il ötür.

 

Xatırladaq ki, R.Alıcanov 1965-ci ilin iyulun 11-də Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açıb. O, Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olub. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlayıb. Amma 1988-ci ildə Qarabağ müharibəsi başlayan zaman Azərbaycana geri dönüb. Gənc zabitin hərbi təcrübəsi nəzərə alınaraq Tovuz rayonunda yerləşən hərbi birləşmələrin birində mühəndis xidməti rəisi vəzifəsinə təyin edilib. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarında və Naxçıvan MR-da döyüşlərdə iştirak etmişdir. Kapitan rütbəsinə yüksəlib.

 

1993-cü ilin noyabrın 5-də Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, Köçəvəlli kəndində dəfn edilib. Azərbaycan Respubliksı Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğlu ölümündən sonra Azərbaycanın Milli qəhrəmanı adına layiq görülüb.

 

Köçəvəlli kənd orta məktəbi onun adını daşıyır. Köçəvəlli kənd orta məktəbində və Ağstafa şəhərinin mərkəzində büstü var. Büstün qoyulduğu ərazidə yerləşən park onun adını daşıyır. Eyni zamanda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində və Ağstafa rayonunun mərkəzində adına küçə verilib.

 

Rafiq Alıcanovun qəhrəmanlığından, keçdiyi həyat yolundan bəhs edən Güləmail Muradla Salatın Əhmədlinin "Vətən sağ olsun" şeir kitabı və Fəridə Ləmanin "Lalələr şəhid qanı" poeması işıq üzü görüb. Haqqında müxtəlif qəzetlərdə məqalələr nəşr olunub, Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyinə görə (ölümündən sonra) bir sıra diplomlarla təltif olunub.

 

2013-cü ildə onunla yanaşı, Qazax rayonundan olan digər iki Milli qəhrəman - Mərifət Nəsibov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilib.

 

2015-ci ildə Qazax və Ağstafada doğulub boya-başa çatmış üç igidin — Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında “İZ Production” studiyası tərəfindən “Ölümə qənşər” adlı bədii-sənədli film lentə alınıb. Ekran əsərində onların döyüş yolundan söz açılıb, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının xatirələrinə yer verilib.