Şəhid Vüqar Sadıqov Ağstafada torpağa tapşırılıb

...Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Iyul 2020, 11:51

Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan hərbçisi, çavuş Sadıqov Vüqar Lətif oğlu dəfn olunub.

 

İnterAz verdiyi xəbərə görə, V.Sadıqov doğulduğu Ağstafa rayonu, Yuxarı Göycəli kəndində torpağa tapşırılıb.

 

Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

 

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

 

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

 

Həmçinin iyulun 13-nə keçən gecə ərzində də həmin ərazidə gərginlik davam edib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.

 

Allah rəhmət eləsin!