Neftçalada aztəminatlı ailələrə yardım edilib

15 sentyabr "Bilik günü" münasibətilə Neftçala rayonunda bir sıra tədbirlər baş tutub...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Sentyabr 2020, 16:30

15 sentyabr "Bilik günü" münasibətilə Neftçala rayonunda bir sıra tədbirlər baş tutub.

 

Rayon İcra Hakimiyyətindən İnterAz-a verilən məlumata görə, cari ildə iki yeni məktəbin açılışı olub. 

 

Belə ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 864 şagird yerlik Neftçala rayonu Xıllı qəsəbə 1 saylı tam orta məktəbi yenidən əsaslı təmir olunub və müasir avadanlıqlarla, istilik sistemlərinin bərpası, ümumilikdə infrastrukturun yenilənməsi ilə təchiz olunub. Digər bir yeni məktəb isə Azərbaycan Respublikası Prezidentinin 6 may 2020-ci il tarixli Sərəncamı ilə Təhsil Nazirliyi tərəfindən inşa olunmuş 20 şagird yerlik modul tipli Yenikənd kənd ibtidai məktəbdir.

 

Hər iki məktəbin açılışında rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov iştirak edib.

 

Xıllı qəsəbə və Yenikənd kənd sakinləri seviniblər. Ölkə Başçısı Cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

 

Qeyd edək ki, bu iki məktəbin tikintisi və təmir bərpası ilə yanaşı Prezident İlham Əliyevin 8 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Neftçala şəhərində 40 şagird yerlik modul tipli “Elektrik şəbəkə” ibtidai məktəbinin quraşdırılması işləridə davam etdirilir.⠀

Bu gün həmçinin rayonunda ünvanlı sosial yardım alan, aztəminatlı və sosial yaşayışı aşağı olan ailələrin məktəbli övladlarına yardımlar olunub.

 

Neftçala Rayon İcra Hakimiyyətinin və “PAŞA Holding” MMC -nin təşkilatçılığı, yerli idarə və müəssisələrin, bələdiyyələrin, bir neçə şirkətin, yerli iş adamları və sahibkarların dəstəyi ilə Rayon ərazisində şəhər, qəsəbə və kəndlərdə yaşayan ünvanlı sosial yardım alan, aztəminatlı, sosial yaşayışı aşağı olan ailələrin ibtidai siniflərdə təhsil alacaq məktəbli övladlarına yardımlar olunub və onlar məktəbli ləvazimatları ilə təmin edilib.

 

Koronavirus (COVİD-19) pandemiyası dövrünü nəzərə alaraq bu “Neftçala könüllüləri” ilə birgə Neftçala şəhərində, qəsəbə və kəndlərdə ünvanlı sosial yardım alan, aztəminatlıvə sosial yaşayışı aşağı olan ailələrin evlərinə aparılaraq onlara bir başa yerində təhvil verilib.