Fərqli göz yaşları... (Məqalə)

...Bu günlər televiziya verlişlərində ən çox rast gəlinən insanların göz yaşlarıdır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Noyabr 2020, 16:36

Bu günlər televiziya verlişlərində ən çox rast gəlinən insanların göz yaşlarıdır. Sevinc, qürur hisslərinin ifadəsi kimi...

 

25-30 il bundan əvvəl də bu hal yaşanmışdı. Onda ümidsizlik, acizlik, çarəsizlik, halından ürək yanğısının yağışıydı bu.

 

Gələcəkdə hərb analitikləri, salnaməçiləri Azərbaycan ordusunun ildırım sürətli qələbə yürüşünü öyrənəcəkləri kimi, yəqin ki, psixologiya elmi də qarabağdakıların timsalında hissin göz yaşında ifadəsinin etimologiyasını da tədqiq edəcəklər.

 

Azərbaycanda yeni tarixi mərhələ başlayır. Qalib xalqın yeni ictimai-siyasi həyata forması ya da yaşam dövrü. Biz artıq 44 gün əvvəlki insanlar deyilik. Biz bu gündən siyasətdən, iqtisadiyyatdan, mənəviyyatdan tutmuş gündəlik məişətimizə qədər yenilənmiş həyat yaşayacağıq.

 

İndi dünyanın gözü bizdədir. Tanımayanlar tanıdı, biganə olanlar rəğbət bəslədi, dostlar daha sədaqətli oldu. Biz çox xalqlara örnək olacaq, ruhlandıracaq nümunə göstərdik.

 

Ali Baş Komandandan qaynaqlanan Zəfər yürüyüşümüzdə Ordumuzla yanaşı adi evdar qadının da iştirakı var. 

 

Atalarımız müdrikcəsinə bizə nəsiyyət edib:- “Moizə oxumaqla donuz darıdan çıxmaz.” “Onu qovmaq gərəkdir, iti qovan kimi” (İ.Əliyev)

 

25 illik Birləşmiş Millətlər Təşkilatından tutmuş Avropa Şurasına qədər bütün beynəlxalq qurumlar onlarla qətnamə qəbul edərək işğalçının Azərbaycan ərazisindən qeyd-şərtsiz tərk etməsinin təsbit etsə də erməni tərəfi bunları qulaq ardına vururdu.

 

Biz onları özlərinin qandığı dildə, zor dilində, - “başa saldıqdan" sonra torpaqlarımızı tərk etməyə məcbur oldular!

 

Bu günlərdə “XəzərTv"-də bütün ailə üzvləri ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş bir qızın sözləri məni çox kövrəltdi:- Mən Qarabağdan uşaq ikən ayaqyalın ağlaya-ağlaya çıxmışdım,- məğlub kimi, indi ora qayıdacağam:- ayaqyalın, ağlaya-ağlaya,- qalib kimi!!!

 

...Vətənə qayıdış! Vətənin qayıdışı! “Qarabağ Azərbaycandır!” (İ.Əliyev)

 

Bu gün gərək

 

Hər anımız Vətən! - desin.

 

Ölənlərin əvəzinə

 

Qalanımız - Vətən! – desin.

 

(Məmməd Araz)

 

Bağır Cəfərli