Gənclər Təşkilatları Milli Şurasının 25 illik yubileyi və İdarə Heyətinə seçkilər keçirilib

... Tədbirdə əvvəlcə ARGTMŞ-ın sədri Məryəm Məcidova tərəfindən Şuranın 2018-2020-ci illər üzrə fəaliyyət hesabatı təqdim edilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 22 Noyabr 2020, 13:08

Noyabrın 21-də ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) “25 il gənclər üçün” yubiley tədbiri və XVII hesabat-seçki qurultayı keçirilib.

 

ARGTMŞ-dən İnterAz-a bildiriblər ki, onlayn formatda keçirilən tədbirdə dövlət rəsmiləri, beynəlxalq və yerli qurumların nümayəndələri, milli şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahiyyətli nümayəndələri iştirak ediblər.

 

ARGTMŞ 1995-ci il noyabrın 21-də 11 gənclər təşkilatı tərəfindən təsis olunub. Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tamhüquqlu üzvü, BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tamhüquqlu üzvü, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi və Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür. Hazırda 133 üzv təşkilatı ətrafında birləşdirən milli şuranın əsas missiyası vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin və gənclər təşkilatlarının rolunun artırılmasıdır.

 

Tədbirdə əvvəlcə ARGTMŞ-ın sədri Məryəm Məcidova tərəfindən Şuranın 2018-2020-ci illər üzrə fəaliyyət hesabatı təqdim edilib.

 

Təqdimatdan sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Milli Məclisin, Gənclər və İdman Nazirliyinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Gənclər Fondunun rəsmiləri, habelə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və digər qurumların nümayəndələri təbrik çıxışları ediblər.

 

Çıxışçılar təşkilatın yubiley tədbirinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən Qələbəsi ilə eyni dövrə təsadüf etdiyini, istər ön, istərsə də arxa cəbhədə gənclərin bu zəfərə mühüm töhfə verdiklərini vurğulayıb, hər kəsi bu zəfər münasibətilə təbrik ediblər.

 

“25 il gənclər üçün” yubiley tədbiri BMT Baş katibinin gənclər üzrə elçisinin Cayatama Vikramanayakinin (Jayathma Wickramanayake) təbrik videosunun nümayişi ilə yekunlaşıb.

 

Tədbirin ikinci hissəsində ARGTMŞ-ın son seçki dövründə fəaliyyəti ilə bağlı hesabatın dinlənildiyi XVII hesabat-seçki qurultayı keçirilib və Şuranın seçkili orqanlarına, o cümlədən sədr və sədr müavinlərinin vakant vəzifələrinə seçkilər olub. Səsvermə nəticəsində Şuranın hazırkı Baş katibi Azər Əliyev növbəti iki illik müddətə ARGTMŞ-ın sədri seçilib.

 

Şuranın yeni seçilmiş sədri qarşıdan gələn müddətdə ARGTMŞ-ın fəaliyyətinin daha da inkişaf etdirilməsi, o cümlədən gənclər təşkilatlarının dəstəklənməsi, idarəçiliyin təkmilləşdirilməsi və beynəlxalq təmsilçiliyin daha da gücləndirilməsi ilə bağlı proqramı barədə məlumat verib.

 

Tədbir cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.