DİN-in Bakıda və Lənkəranda keçirdiyi əməliyyatlarda 9 kq narkotik götürülüb

...Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakinlərindən 9 kq narkotik götürülüb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 13 Yanvar 2021, 12:49

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakinlərindən 9 kq narkotik götürülüb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Manafov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın heroin, idarə etdiyi “Lexus” markalı avtomobilə baxış zamanı 2 kiloqramdan artıq heroin, 1 kiloqram 305 qram metamfetamin, yaşadığı Sabunçu rayonu Zabrat qəsəbəsindəki evə baxış zamanı isə 3 kiloqrama yaxın heroin və 768 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb. 

 

Qaradağ Rayon Polis İdarəsi  11-ci Polis Bölməsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini M.İsrafilov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 kiloqram 273 qrama yaxın marixuana aşkar edilərək götürülüb.