“Qonorar ödəyin, müsahibə verim" - Nazim Məmmədov

"Mən deputat və ya müğənni deyiləm ki, "raskrutka"ya ehtiyacım olsun"

Bakı, Tural Səftərov, İnteraz - 19 Noyabr 2013, 12:03

Sabiq deputat Nazim Məmmədov bundan sonra mətbuata iqtisadçı ekspert qismində havayı müsahibə, açıqlama verməyəcək. İnterAz-ın xəbərinə görə, bu barədə Nazim Məmmədov Facebook səhifəsindən mediaya ünvanlanmış mesaj verib.



”Bütün normal ölkələrdə ekspertlər əməyinin haqqını alırlar. Mən deputat və ya müğənni deyiləm ki, "raskrutka"ya ehtiyacım olsun. Yeri gəlmişkən, mən 2003-dən Aztv-də "Günün Nəbzi"-ndə başlamışam mətbuatla təmaslarıma. Mən demirəm ki, hər hansı bir toplantıda iştirakım zamanı hər hansı bir jurnalist sualına mən cavab verməyəcəm, əgər həmin jurnalist orada olacaqsa. Təsəvvür edin ki, ANS və ya Azadlıq radiosu bir verilişə dəvət edir, mən də şeherin bir başından oraya tıxacda, öz avtomobilimdə benzin, əsəb, mövzu ilə bağlı araşdırmaya vaxt sərf etməliyəm, gəlməliyəm studiyaya, bəzən də mənə aid olmayan suallara cavab verməliyəm. Və yaxud hansısa qəzetdən, jurnalistden "vızov" gəlir, telefonun o başından səs gəlir ki, müəllim bir araşdırma aparıram, zəhmət olmasa bu suala cavab verin.... Həmin araşdırmaya görə redaksiya ve ya jurnalist mənfəət götürür, mən isə vaxt, bilik sərf edirəm. Buna görə maaş almıram, ictimai fəaliyyətə görə dövlət eksperti qiymətləndirmək niyyətində deyilsə, tv, radio , digər KİV-lər sosial məqsədlər üçün yayın etmirlərsə, cəmiyyətə bir xeyri yoxdursa, mən niyə öz qədrimi bilməməliyəm. İctimai nəzarət funksiyasını deyil, öz şəxsi kommersiya və ya siyasi maraqlarını qoruyan KİV-lərə niyə "pulsuz" işləməliyəm? Siyasi partiyam yoxdur ki, gündəmdə qalam, deputat deyiləm ki, seçicilər hərdən bir öz deputatlarını "görsünlər", mənə lazım olsa elə özüm bir qəzet açıb səhərdən axşama özümü "raskrutka" edərəm, hərdən də dövlətdən yardımlar alaram. Dərindən düşünsəniz mən əslində sıravi jurnalistlərin qiymətini qaldırmaq üçün belə addım atıram!" – deyə Nazim Məmmədov bəyan edib.