Aran Qarabağda mavi yanacağın verilişi ilə bağlı problemlərin həlli niyə gecikir?

Bərdənin bəzi kəndləri qazlaşmadığından kənd sakinləri yanacaq kimi hələ də odundan istifadə etməyə məcburdular

Bərdə, Şamxal Cəliloğlu, Vüsal Nəbiyev, İnteraz - 19 Noyabr 2013, 16:41

Bölgələrdə qazlaşdırlma işi aparılsa da bu günə qədər mavi yanacaq verilməyən kəndlərdə hələ də bu sahədə problem var. Bərdənin 109 kəndindən şəhər mərkəzi ilə bərabər cəmi 54 kəndi mavi yanacaqla təmin edilib. 55 kəndə qazlaşma işləri getmədiyindən bu yaşayış məntəqələri növbəti qış ərəfəsində istilik problemi yaşayır. Elə buna görə də mavi yanacaq olmadığından qışda evini normal şəkildə qızdırmaq istəyənlər odun almalıdır. Amma odunun baha olması insanların odun bazarına getməsinə imkan vermir. "Kamaz" marakalı yük avtomobilində odunun bir cərgəsi 120 manatdır. Sakinlər bildirir ki, bir qışı başa vurmaq üçün ən azi 4-5 cərgə odun lazımdır. 

Bərdənin odun bazarında sıra ilə yığılan odunlar alıcı yolu gözləsə də odunun qiymətinin baha olması buna imkan vermir. Bu səbəbdən də odun bazarında da alıcı qıtlığı yaşanır.

Odunun baha olması sakinləri öz həyətlərindəki bar verən ağacları kəsmək məcburiyətində qoyur. Artıq bir aydır ki, odun peçindən istifadə edən əhali bağlarındakı ağacları doğrayaraq yanacaq kimi istifadə edir.

Problemin həlli ilə bağlı Bərdə rayon qaz istismar idarəsindən bildirdilər ki, kəndlərin mavi yanacaqla təminatı mərhələli şəkildə aparılır. Növbəti ilin sonuna qədər rayonun bütün kəndlərinin qazlaşdırlması nəzərdə tutulub.