“Alban tarixi gənclərin gözü ilə”

“Bakı Gənclər Klubu” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Tariximizi öyrənək, irsimizi qoruyaq!” adlı layihəsi çərçivəsində sərgi keçirib

Bakı, İlkin Nadirov, İnteraz - 19 Noyabr 2013, 16:59

“Bakı Gənclər Klubu” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Tariximizi öyrənək, irsimizi qoruyaq!” adlı layihəsi  çərçivəsində təşkil olunan “Alban tarixi gənclərin gözü ilə” adlı sərgisinin açılış mərasimi baş tutub. İnterAz-ın məlumatına görə, sərgidə layihə çərçivəsində çəkilmiş fotoşəkillər və alban tarixinə aid abidələrə aid məlumatların əks olunduğu kitabçalar nümayiş etdirilir.

 

Sərginin açılışında əvvəlcə “Bakı Gənclər Klubu” İctimai Birliyinin sədri Azər Cavadov bu layihənin məqsədindən və əhəmiyyətindən danışıb. 

 

Daha sonra çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Azərbaycan dövlətinin tariximizin təbliği və tarixi abidələrimizin qorunması ilə bağlı görülən işlərə daim dəstək göstərəcəyini bildirib. O layihə çərçivəsində görülən işləri yüksək qiymətləndirib və təşkilatçılara bundan sonrakı işlərində də uğurlar arzulayıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun nümayəndəsi Faiq Qürbətov sərginin təşkilini, layihə çərçivəsində görülən işləri, yüksək qiymətləndirərək bu uğurlara görə təşkilatçıları təbrik edib və onlara uğurlar arzulayıb.

 

Sərginin rəsmi hissəsi başa çatdıqdan sonra qonaqlar və media mənsubları sərgilənən fotoşəkillər və layihə çərçivəsində çap olunmuş  vəsaitlərlə tanış olub.

 

Qeyd edək ki, “Tariximizi öyrənək, irsimizi qoruyaq!” layihəsinin və bu sərginin təşkil olunmasında  əsas məqsəd Azərbaycanın qədim tarixini daha dərindən öyrənmək, alban tarixinə aid abidələrin, məbədlərin  ictimaiyyətdədaha yaxından təbliğ olunmasına və qorunmasına nail olmaqdan ibarətdir.

 

Sərgi üç gün davam edəcək.