Cinlərin qovulması və ya ekzorsizm

Ekzorsizm şeytanların, cinlərin və ya mənfi ruhların insan bədənindən qovulması prosedurudur

Bakı, Vüsal Nəbiyev, İnteraz - 19 Noyabr 2013, 17:44

Çox qədim tarixi olan və bir çox dinlərin və xalqların ayinlərində əks olunan bu ritualı bəziləri ilahi dinlə, bəziləri isə satanizmlə əlaqələndiriblər. Səmavi, təkallahlı dinlərdən sayılan İudaizmə aid olan Tövratda və Bəni İsrailin sonrakı peyğəmbərlərinə nazil olan kitablarda (1 Padşahlar 18:10) cinlərin Saulun (Talut) bədəninə daxil olmaları (toxunması) və Davud peyğəmbər (ə.s.) zamanında bədənlərinə cin toxunmuş insanların özlərinə kəsici alətlərlə ziyan vurmaları (3 Padşahlar 18:27-29) göstərilib. Tövratda cinlərin insan bədənindən xüsusi yolla qovulması proseduru göstərilməsə də, Talmutda buna dəfələrlə yer ayrılıb. Bibliyada iki yerdə cinlərin insana toxunmaları və ya daxil olmaları göstərilib ki, bunu da məcaz kimi qəbul etmək olar.

Bir çox İslam alimləri bu ritualı haram buyuraraq onun dinlə heç bir əlaqəsinin olmadığını söyləyiblər.




Cinlərin qovulması.
Maraqlıdır ki, bütün dinlərdə ruhların və ya cinlərin qovulması proseduru eyni formada reallaşır. Bu prosedurda insana ilkin olaraq cinin və ya ruhun bədənə daxil olmasından danışılaraq onda həyəcan yaradılır. Daha sonra uca səslə dualar oxunur. Müsəlmanlarda dua, Quran və ya Azan, xristianlarda İncil və ya xüsusi dualar oxunur. Bütpərəstlik dinlərində isə şeir formasında olan müxtəlif misralar oxunur. Sonda eyni sözlər dəfələrlə təkrar olunaraq insana psixoloji təsir göstərilir. Bu zaman insan öz üzərində nəzarəti itirərək daxilində hansısa ruhun olduğuna inanır. Daha sonra cinin və ya ruhun qovulması prosesi başlanır.




Talmutda ekzorsizm.
Yəhudilərdə ekzorsizm Dubbuk adlı ruhun qovulmasına deyilir. Maraqlıdır ki, yəhudilərdə Dubbuk insan bədəninə daxil olmuş cin deyil, dünyasını dəyişmiş günahkar insanın ruhudur. Günahları ucbatından öz bədəninə daxil ola bilməyən bu ruh başqa günahsız insanların bədənlərinə daxil olaraq onlara əziyyət verir.



İncildə ekzorsizm. Xristianların müqəddəs kitabı olan İncil dörd versiyadan ibarətdir (Mattaya görə, Marka görə, Lukaya görə, Yəhyaya görə). Tövratdan fərqli olaraq, İncilin bütün versiyalarında ekzorsizmlə rastlaşmaq mümkündür (Matta 4:24, Matta 8:16, Matta 8:28-33, Mark 5:15-18, Luka 8:36, Yahya 10:21). Ekzorsizm xristianlığın, demək olar, bütün qollarında məşhurdur. İslam alimlərinin fikrincə, İsa Məsihin (ə.s.) dini təhrif olunub və bütpərəstliyin bir çox ayinləri əldə olan dörd versiyalı İncildə əks olunub. Buna misal olaraq, yunanların dekabr ayının 25-ni bayram etmələri, şərab allahı Dionisinın suyu şəraba çevirməsi kimi səhnələri göstərmək olar.


Irlandiya:

Hindistan



Bütpərəstlikdə ekzorsizm. Ekzorsizm qədim yunanlarda və slavyan xalqlarında geniş yayılıb. Hazırda Ukrayna və Rusiyada yaşayan slavyan bütpərəstləri bu ayini qoruyub saxlayırlar. Onların istifadə etdikləri metodlar - yumurta basdırılması, buben çalınması və s. müasir xristianlığa da sirayət edib.





İslamda ekzorsizm.
İslamda cinlərin insan bədəninə daxil olmasını iddia edənlər, əslində, İslam daxilindəki bəzi ifrat qollara aiddirlər. Ən çox vəhhabilikdə (sələfilik) cərəyan edən bu ayin, sözsüz ki, öz kökünü başqa dinlərdən götürüb. Belə ki, daha əvvəl qeyd etdiyimiz kimi, ekzorsizmin tarixi İslamdan çox-çox əvvəllərə aiddir. Bununla belə, bu ayini dinimizə xas ayin hesab edənlər indi də var. Onların iddiasına görə, cin insan bədəninə müxtəlif səbəblərlə daxil ola bilər:

- İnsana aşiq olarkən (əks cinslər)
- Gecə isti suyu "Bismillah"sız yerə tökərkən
- Günah edərkən
- Sehr və cadu yolu ilə və s.









Cəmiyyətimizdə cinlərin insan bədəninə daxil olmasını təbliğ edənlər buna qarşı müalicə təklif edənlərdir ki, onlar bu yolla həm qazanc əldə edir, həm də “möcüzə” göstərməklə insanları öz xidmət etdikləri əqidəyə dəvət edirlər.

Foto: Kolumbiya







Allah Qurani-Kərimdə buyurur: Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan məsh etmiş (cin vurmuş dəli) kimi qalxarlar. (Bəqərə, 275).
Ayədəki “məsh” sözü adətən məcazi toxunmaya aid edildiyi zaman, ərəb dilində bu sözün digər - “ləms” forması "fiziki toxunma" mənasını gəlir. 
Sözsüz, müsəlmanlar cinlərin varlıqlarına inanırlar. Bir çox hədislərdə insanların cadu yolu ilə, cindarlıqla digərlərinə təsir etmələrini görürük. Lakin bu, o demək deyil ki, cinlər insan üzərində hansısa icbari hökmə malikdirlər və ya insan bədəninə daxil olaraq onu idarə edir, onu günaha vadar edirlər. Şeytanlar insanları yalnız  öz vəsvəsələri ilə pis əməllər etməyə vadar edirlər.


Şeytan öz işini bitirdikdə belə deyəcək: Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində, mənim sizin üzərinizdə heç bir hökmüm yox idi. Lakin mən sizi çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim. Mən əvvəlcə sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim. Həqiqətən, zalımları şiddətli əzab gözləyir! (İbrahim, 22)

 

İnsan bu vəsvəsənin müqabilində “cinqovanlar"a deyil, Allaha üz tutmalıdır.

 

Şeytan sizi öz dostlarından qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!” (Əli-İmran Surəsi,175)

 

Şairlər surəsinə aid olan başqa bir ayədə Allah şeytanların günahkar və yalançılara nazil olmasını buyurub. Yəni, Allah günah etməyi, yalan danışmağı şeytanın nazil olması kimi göstərib. Ayədə iman gətirməyən şairlərin bu cür “vəhy” almaları qeyd olunub.

 

“Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya, günahkara nazil olarlar. Eşitdikləri sözləri onlara təlqin edərlər. Onların əksəriyyəti yalançıdır!" (Şüəra Surəsi, 221-223)

 

Allah-Təala şeytanın insanlara təsir metodlarını aşkar göstərib:

"Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaq və sizi namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (Maidə Surəsi, 91)

 

"Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır!” (Mucadilə Surəsi, 19)

 

Lakin Qurani-Kərimdə bütün bu problemlərin həlli də Allah tərəfindən göstərilib.

 

"Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar.” (Əraf Surəsi, 200-201)

 

“Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir!” (Fussilət Surəsi, 36) Və de:

“Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların yanımda olmalarından Sənə pənah gətirirəm!” (Muminun Surəsi, 97-98)

 

Onu doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum.”, – söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi.

 

“Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məlun (daşqalaq olunmuş) Şeytandan Sənə tapşırıram.” (dedi) (Əli-İmran Surəsi, 36).