Gəncə dəmiryolçuları nədən şikayətlənir?

Gəncədə dəmiryolçuların mədəniyyət və istirahət parkının girəcəyində bir binası var

Gəncə, Qalib Rəhimli, Vüsal Nəbiyev, İnteraz - 19 Noyabr 2013, 18:08

Gəncədə dəmiryolçuların mədəniyyət və istirahət parkının girəcəyində bir binası var. Əgər buna bina demək mümkünsə. Ötən əsrin 60-cı illərində dəmir yolunda çalışan veteranlar üçün tikilən bu bina zamanında müəyyən inventarlarla təmin edilib və qocaların boş vaxtlarında toplandığı sevimli məkan olub.


İndi isə veteranlar üçün tikilən sözügedən klub olduqca acınacaqlı hala düşüb. İnventarların hamısı istismar ömrünü başa vurub sıradan çıxıb. 70-ci illərin yadigarı olan radio və televizor isə sadəcə maket kimi qalıb. Qışda soyuqdan, yayda istidən halı pisləşən qocaların çəkdiyi zillət isə heç kimi düşündürmür. 250-dən artıq əmək və müharibə veteranının ümid yeri olan klubdakı stolüstü oyun ləvazimatları da yararsız haldadır. Üstəlik Azərbaycan Dəmir Yolu QSC-i burada istifadə olunan qazın, işığın, telefonun aylıq ödənişini ödəməkdən də imtina edib. Beton döşəmə, uçub dağılan tavan, sınıq-salxaq pəncərələr  soyuq havalarda onların hamısının xəstələnməsinə səbə olur.


Dəfələrlə “Azərbaycan Dəmir Yolları” QSC-nin Qərb böigəsi üzrə səlhiyyətlisi Füzuli Kərimova, təmir-tikinti departamentinin rəisi Çingiz Məmmədova müraciət edilsə də Gəncədə dəmiryolçu vetaranların şikayət və müraciətləri eşidilməyib. Həmişə də maliyyə problemi önə çəkilib.  Maraqlı olan isə odur ki, dəmir yolunda bütün gəlir gətirən ərazilərə sahib çıxan məmurlar tapılsa da, veteranlar klubuna və parka yiyə duran olmayıb.

 

Məsələyə qarşı tərəfin də fikrini bilmək üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin Qərb böigəsi üzrə səlhiyyətlisi Füzuli Kərimovu və təmir-tikinti departamentinin rəisi Çingiz Məmmədovu axtardıq. Şox təəssüf onların heç biri saat 12 olmasına baxmayaraq yerində tapılmadı. Dəmir yolu ATS-ində isə yalnız dispetçer Cəbrayıl müəllimlə görüşə bildik. O isə veteranların klubunda telefonun kəsilməyindən xəbərsiz olduğunu dedi.

 

Bura toplanan veteranlar çox vaxt təqaüdlərindən pul ayırıb qaz almaq məcburiyyətində qalır. Bu isə çox böyük diqqətsilikdir. Qarşı tərəfin də fikirlərini dinləməyə hazırıq. Yetər ki, deməyə sözləri olsun.