İKT nailiyyətlərindən düzgün bəhrələnmə mövzusunda Lənkəranda gənclərlə görüş keçirilib

Görüşdə çıxış edən Azərbaycan Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyin rəhbəri Məmmədbağır Məmmədov ölkəmizdə hazırda elektron hökumətin formalaşması istiqamətində aparılan işlərdən danışıb

Bakı, İnteraz - 24 Dekabr 2013, 16:52

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi” layihəsi çərçivəsində Lənkəran şəhəri Lənkəran Dövlət Humanitar Kollecində gənclərlə görüş keçirilib. 

 

İnterAz-ın məlumatına görə, görüşdə layihənin müəllifi Əlimərdan Sultanov, Bakı Dövlət Universiteti və Azərbaycan İctimai-Siyasi Universitetinin müəllimi Murad Salman, Azərbaycanın Almaniyada diasporunun nümayəndəsi, Almaniyanın Frederik Vilyam adına Bonn Universitetinin hüquqşünaslıq üzrə magistrantı Orxan Tağıyev, Azərbaycan-Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Məmmədbağır Məmmədov və Lənkəran Dövlət Humanitar Kollecinin tələbələri və digər gənclər iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Əlimərdan Sultanov bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

 

Layihənin həyata keçirilməsində məqsəd regionlarda yaşayan gənclərlə İKT-nin nailiyyətləri haqda müzakirələr aparmaq, bu nailiyyətlərdən düzgün şəkildə bəhrələnmək imkanlarını müzakirə etməkdir. O bildirib ki, layihə çərçivəsində Azərbaycanın üç region şəhəri olan Ağstafa və Şəki şəhərində  gənclərlə görüş keçirilib. Layihə çərçivəsində sonuncu görüş isə Lənkəran şəhərində keçirilir və məqsəd gənclərə ölkəmizdə informasiya texnologiyaları sahəsi üzrə gedən inkişaf barədə məlumat vermək və müzakirə aparmaqdır. 

 

Ölkəmizdə İKT sektorunun inkişafınadan danışan  Əlimərdan Sultanov qeyd edib ki, əldə edilmiş nailiyyətlərdən düzgün istifadə və bu nailiyyətlərin gənclərə düzgün şəkildə çatdırılması vacib məsələdir. 

 

Tədbirdə çıxış edən Bakı Dövlət Universiteti və Azərbaycan İctimai-Siyasi Universitetinin müəllimi Murad Salman İKT-nin ölkəmizdə təhsil sistemində tətbiq edilməsindən danışıb. O dünyanın bir çox inkişaf etmiş ölkələrində təhsil sistemində İKT nailiyyətlərinin tətbiqini qeyd edərək bu məsələnin Azərbaycan üçün də vacib olduğunu bildirib. 

 

Almaniya və Azərbaycanda İKT sahəsinin inkişafından danışan Almaniyanın Frederik Vilyam adına Bonn Universitetinin hüquq magistrantı Orxan Tağıyev qeyd edib ki, İKT naliyyətlərinin Avropa ölkələrində ictimai həyatın bütün sahələrində tətbiq edilir.

 

Ölkəmizdə İKT sahəsində nailiyyətlərdən danışan Orxan Tağıyev bildirib ki,  son on ildə Azərbaycanda internetin sürətli inkişafı təmin olunub və ölkəmiz MDB ölkələri arasında liderliyini saxlayıb. 

 

Görüşdə çıxış edən Azərbaycan Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyin rəhbəri Məmmədbağır Məmmədov ölkəmizdə hazırda elektron hökumətin formalaşması istiqamətində aparılan işlərdən danışıb, əhaliyə elektron xidmətlərin göstərilməsi istiqamətində əhəmiyyətli addımların atıldığını qeyd edib. 

 

Sonra tədbirdə iştirak edən gənclər mövzu ilə bağlı çıxış edərək öz fikirlərini bildirib.