Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın saytı informasiya cəhətdən şəffaflığını qoruyur

Komissiyanın www.dqmk.gov.az internet saytı infromasiya açıqlığına görə birincidir

Bakı, İlkin Nadirov, İnteraz - 24 Dekabr 2013, 16:59

Media Hüququ İnstitutu dövlət qurumlarının internet saytlarının monitorinqinin nəticələrini özündə əks etdirən “Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı”nın təqdimatını keçirib. İnterAz xəbər verir ki, bu hesabat Media Hüququ İnstitutunun 2005-ci ildən başlayaraq bilgi (informasiya) azadlığı və bilgiyə çatım sahəsində apardığı araşdırma, monitorinq, tövsiyyələrin hazırlanması, ictimai mənafelərin müdafiəsi və maariflənməsi işinin davamı olub.

 

Qiymətləndirmənin yekunlarına görə, informasiya açıqlığını əks etdirən reytinq cədvəlində 56%-lə birinci yerdə Azərbaycan Respublikasının Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Vergilər Nazirliyinin və Dövlət Neft Fondunun rəsmi saytları olub. Reytinq cədvəlində 2-ci yeri Baş Prokurorluğun (55%), 3-cü yeri isə Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yanaşı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytları tutur. Həmin saytların informasiya açıqlığı səviyyəsi 52% olub.

 

Hesabat “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə bilgi sahibi hesab olunan 67 dövlət qurumunun internet saytlarının monitorinqi əsasında hazırlanıb.

 

“Ön söz”, “Tövsiyyələr”, “Bilgi şəffaflığı qanunvericiliyi”, “Monitorinqin metodologiyası”, “Onlayn şəffaflıq: ölçülər, ölçülər üzrə müqayisəli göstəricilər”, “Onlayn şəffaflıq: dövlət qurumlarının şəffaflıq cədvəli” bölmələrindən ibarət olan hesabatın “Onlayn şəffaflıq: dövlət qurumlarının şəffaflıq cədvəli” bölümündə 67 dövlət qurumunun internet saytlarının monitorinqinin yekunları açıqlanıb. İnternet saytlarının monitorinqi 12 ölçü qutusuna (Qurumlarla bağlı ümumi bilgilər, Qurumun strukturu haqqında bilgilər, Qurumun idarəçiliyində olan dövlət informasiya sistemləri haqqında bilgilər, Qurumun öz əsas səlahiyyət dairəsi çərçivəsində fəaliyyətə dair bilgilər, Qanunvericilik bazası və qurumun normayaradıcı fəaliyyəti, Fiziki və hüquqi şəxslərin hüquq, azadlıq və qanuni maraqlarının təmin edilməsi üzrə qurumun fəaliyyəti haqqında bilgilər, Dövlət ehtiyacları üçün mal, iş və xidmətlərin satın alınması barədə bilgilər, Kadr təminatı, Büdcə, maliyyə, Bilgiyə çatım rahatlığı, Əlavə parametrlər, Rəsmi saytın mənfi məzmun və funksiyaları) yerləşdirilmiş 184 növ bilgi əsasında aparılmışdır. Saytlar öncə kəmiyyət parametri üzrə araşdırılmışdır. Sonrakı mərhələdə isə həmin informasiyaların keyfiyyətliliyi, yəni tamlığı, çatım rahatlığı, gündəmə uyğunluluğu qiymətləndirilib.