AMEA-nın institutları 2013-cü il üçün hesabat verdilər

İclasda çıxış edən Riyaziyyat və Mexanika institutunun direktoru Misir Mərdanov hazırda İnformasiya Texnologiyaları ilə bir binada yerləşən institutun ayrıca binaya ehtiyacı olduğunu deyib

Bakı, Vüsal Nəbiyev, İnteraz - 24 Dekabr 2013, 17:25

Şamaxı Astrofizika rəsədxanası ətrafında tikilən ikimərtəbəli binanın işıqları rəsədxananın fəaliyyətinə mane olur. Bu barədə AMEA-nın vitse-prezidenti Akif Hacıyev akademiyanın Riyaziyyat və Mexanika, Fizika, Kibernetika, İnformasiya Texnologiyaları, Radiasiya Problemləri institutları və Şamaxı Astrofizika Rəsədxanasının hesabat iclasında məlumat verib. Onun sözlərinə görə, Elmlər Akademiyası binanın rəsədxananın fəaliyyətinə nə dərəcədə mane olmasının araşdırılması üçün bir ay əvvəl Fövqəladə Hallar Nazirliyinə məktub ünvanlayıb. Məktubda FHN-ə tikinti şirkəti və astrofiziklərlə birlikdə məsələnin araşdırılması tapşırılıb. Akif Hacıyev bildirib ki, artıq astrofiziklərin rəyi hazırdır və AMEA-nın prezidenti Akif Əlizadəyə təqdim edilib. Bu rəylərdə qeyd edilib ki, rəsədxana ətrafındakı binaların işıqları gecələr teleskopun fəaliyyətinə problem yaradır. 

İclasda çıxış edən Riyaziyyat və Mexanika institutunun direktoru Misir Mərdanov hazırda İnformasiya Texnologiyaları ilə bir binada yerləşən institutun ayrıca binaya ehtiyacı olduğunu deyib. AMEA-nın vitse-prezidenti Akif  Hacıyev də bir zaman Riyaziyyat və Mexanika İnstitutu üçün tikilmiş binanın sonradan bu İnstituta verilməməsindən şikayətlənib. İclasda digər institutların nümayəndələri də illik hesabatlarını təqdim ediblər və gələcəkdə nəzərdə tutulan işlər barədə məlumat veriblər.