Göyçayın məhşur "Konfet ağacı"

Ölkəmiz üçün nadir bitki sayılan bu konfet ağacları gələcək nəsillərə qorunub saxlanması üçün qırmızı kitaba salınıb

Bakı, Vüsal Nəbiyev, İnteraz - 24 Dekabr 2013, 18:00

Azərbaycanda nadir bitkilərdən sayılan, adı kimi isə dadı olan "Konfet ağacı" ilk dəfə Göyçayda yetişdirilib. Ölkəmizdə ilk dəfə 1935-cu ildə Çindən Göyçay rayonuna bitki dayaq məntəqəsinin elmi işçiləri tərəfindən gətirilən "Konfet ağacı" burda əklib-becərilir. Elmi işçilərin sözlərinə görə, bağda nadir tapıntı kimi sayılan bu iki konfet ağacları 1940-cı ilərdən bol məhsul gətirir. Elə o vaxtdan bu unikal ağacın qorunması və artırılması vacib şərt kimi alimlərin diqqətində olur.

Sayının az olmasına baxmayaraq ağacın üstündə konfet meyvələri bol olur. Xarici görkəmi isə iri gövdəsi, hündür boyu və forması baxımından bir növ sərv boylu çinarları xatırladır.

Bundan başqa, konfetin tərkibində şəfaverici maddələr də var. Bir sıra xəstəliklərin əlacında şəfaverici vasitə kimi çox faydalıdır. Asma xəstəliyinə tutulanlar üçün isə əvəzedilməz bitkidir. Qəribə formasına görə seçilən meyvə isə maral buynuzuna bənzəyir. Onun çiçəyi nektarla zəngindir. Dekabrda yetişən konfetin meyvələri növbəti ilin mart ayına kimi ağacda qala bilir. Yığım mövsümü başlananda isə bunun yığımı digərlərindən tam fərqli yığılır. Belə ki, konfetin meyvələrini ağacdan deyil, ətrafa xırda budaqlarla səpələnmiş vəziyyətdə yığılır.

Konfetin tərkibində 30-35% şəkər var. Ona görə də dünyada ən şirin bitki adını qazanıb. Deyilənə görə şirəsi qənddən 300 dəfə şirindir. Bir stəkan qəhvəni və ya çayı şirin etmək üçün konfetin bir damcı şirəsi kifayətdir. Üstü qabıqla örtülmüş qəhvəyi rəngli bu konfet şirinliyi və dadına görə heç də adi konfetdən geri qalmır. Hətta konfetdən qurudularaq müxtəlif tort və biskivitlərin üzərinə bəzək kimi istifadə etmək də olar. Ölkəmiz üçün nadir bitki sayılan bu konfet ağacları gələcək nəsillərə qorunub saxlanması üçün qırmızı kitaba salınıb.