2013-cü ilin ən xoş əməlləri – FOTOLENT

Aşağıda sadalanan ən təsirli, həssas və şəfqətli əməllər bu dünyanın xoşniyyətli insanlarsız olmadığını bir daha sübut edir

Moskva, Roman Ağayev, İnteraz - 24 Dekabr 2013, 18:37

Müharibələr, mitinqlər və siyasi çevirilişlər olan bu dünyada insan qalmaq və bəd gündə köməyə gəlmək olduqca vacibdir. Hərdən yaxşı bir iş görmək elə də çətin deyil, ancaq bir çox insanlar özlərini elə aparırlar ki, guya ətrafda heçnəyi görmürlər. Lakin eyni zamanda elə həmin insanlar gözəl anlayırlar ki, bu və ya digər hallarda yardım əllərini uzada bilərdilər. Hətta kiçicik bir xoşniyyətli əməl daha çox məhəbbət və sevinc gətirmiş olardı – bu isə dünyanın bütün var-dövlətindən qat-qat üstündür.

 

Aşağıdakı siyahıda sizə 2013-cü ilin ən xoş əməllərini – xoşniyyətli, mərhəmətli insanların ürəkləri, qəlbləri fəth etmiş hərəkətlərinin təsvirini təqdim edirik.

 

Superqəhrəmanlar uşaq evinin pəncərələrini yuyurlar

ABŞ-ın Pensilvaniya ştatından olan xidmət şirkəti Pitsburqdakı uşaq evinin pəncərələrini yumaq üçün olduqca orijinal və təsirli üslub seçib. Binanın tavanından mərtəbədən mərtəbəyə enən şirkət əməkdaşları superqəhrəmanlar – Betmen, Hörümçək-Adam, Supermen və Amerika Kapitanının paltarlarını geyiniblər. 

 

Yolda xoş əməl

 Sirr deyil ki, internetdə Rusiyada sərxoşların davaları, yolda özbaşınalıq və gündəlik həyatın bir çox xoşagəlməz anlarını əks etdirən videoçarxlar çoxdur. Ancaq əslən Alma-Atadan olan Arkadiy Moryaxin öz əməli ilə göstərmək istədi ki, Rusiyada tək sərxoş sürücülər deyil, yaxşı insanlar da var ki, günün istənilən vaxtı xoşniyyətli hərəkətlər edib bir-birlərinə kömək edirlər.

 

Milyardsız milyardçı

Tanınmış yazıçı Coan Roulinq xeyriyyəçiliyə o qədər pul xərcləyib ki, milyardçı statusunu itirib. Bu “Forbes” tarixində ilk belə haldır.

 

Yanğınsöndürən pişik balasını xilas edib

Amerikanın Fresno şəhərciyində baş vermiş bu real hadisə ürəyinizi daha da tez-tez döyünməyə vadar edəcək. Sıravi yanğınsöndürən Kori Kalanik yanğından sonra tüstü bürümüş evdə yoxlama aparırmış. Və qəflətən heç bir həyat əlamətləri olmayan bu kiçicik yun yumağını görüb.

 

San-Fransisko Betmenin şəhərinə dönüb

12 min insan 5 yaşlı Mayls Skottun arzusunu həyata keçirib. Tamaşanı ölümcül xəstə uşaqların arzularını yerinə yetirən “Make a Wish” xeyriyyə fondu təşkil edib. Məsələ burasındadır ki, oğlan uşağı leykemiya (qan xərçəngi) xəstəsidir. O artıq bir neçə ildir müalicə kursu keçir və hal-hazırda remissiya (xəstəlik əlamətlərinin kəskinliyinin azalmnası) mərhələsindədir.

 

Qəhrəmanlar olduqları kimi

Bu insanların adlarını siz məşhur blokbasterlərin titrlərində oxuya bilməzsiniz. Mümkündür ki, hətta onların üzlərini belə heç vaxt görməyəcəksiniz. Ancaq onların elədiyi hərəkətlər bu insanları əsl qəhrəman edir.

 

Dobri baba

 

Bolqarıstanın Bailovo kəndinin sakini, əynində evdə toxunmuş paltar və qədim dəri ayaqqabılar olan 98 yaşlı dilənci, Dobri baba tez-tez Sofiyadakı müqəddəs Aleksandr Nevskiy kilsəsinin qabağında durur. O, hər gün səhər tezdən oyanaraq öz evindən paytaxta kimi 10-kilometrlik yolu piyada fəth edib buraya gəlir. 2010-cu ildə kilsə haqqında sənədli film çəkilərkən Bolqarıstan televiziyasının jurnalisti arxivlərə əsaslanaraq şoka salan bir faktı ifşa edib – sən demə, kilsənin tarixi boyu aldığı ən böyük özəl ianəsi – 40 000 avro – həmin bu qoca dilənçi, Dorbi baba tərəfindən edilib. Dorbi baba hələ başqalarına da kömək edir – məsələn, o işığı və istiliyi kəsilmə təhlükəsi ilə üzlşmiş uşaq evinin kommunal xərclərini ödəyib. O evsizlərə də yardım əlini uzadır. Amma Dorbi babanın bütün mərhəmətli əməllərini biz tam şəkildə heç vaxt öyrənə bilməyəcəyik, çünki o heç vaxt onlar haqda danışmır.

 

Futbol fanatı ilə vidalaşma

Sarısaç Mark ən tanınmış hollandiyalı fanatlardan biri olub. 2000-ci illərin əvvəllərində o, “Feyenord” klubunun bir-biri ilə yola getməyən fanatlar qruplaşmalarını birləşdirməyə müvəffəq olub. Yeni sezonun başlanğıcında kədərləndirici xəbər gəlib – sarısaç Mark ölümcül xəstədir. Həkimlər ona ən yaxşı halda bir ay, ən pis halda isə bir həftə ömür kəsib. 41 il “Feyenord” klubuna azarkeşlik edən sarısaç Mark üçün bir neçə günə unudulmaz aksiya düzənlənib.

 

Rəhmli nənə

Maqadan sakini Rufina İvanovna Korobeynikova Xabarovskda daşqından zərər çəkmişlər üçün 300 cüt yun corab toxuyub hədiyyə edib. 

 

Qərib insana sığınacaq vermək

Metrodakı sərnişinin çiyinində şirin-şirin yatmış qərib cavan oğlanın fotosu oktyabrda bütün Qərb ölkələrinin internetini dolaşıb. Bu hərəkətdən ilham alan “Charidy” xeyriyyə təşkilatı Nyu-York metrosunda özünün eksperimentini həyata keçirmək qərarına gəlib. Çarxın qəhrəmanı bir saat ərzində yorğunuğunu nümayiş etdirərək yanında əyləşmiş sərnişinlərin çiyinlərində yatmağa çalışıb. Əvvəlcə sərnişinlər onu qovurdular, sonra isə... 

 

Evsiz pul kisəsini qaytarıb

“Bu gün səhər tezdən tıxaclara düşməmək üçün evdən çıxıb anamın dalınca getdim ki, onunla bir yerdə bağ evimizə yollanaq. Əzizlərimi bir yerə toplayıb bağa çıxmağa artıq hazırıdım ki, birdən içində maşının BÜTÜN sənədləri, sürücülük vəsiqəsi, bank kartları, pasport olan pul kisəsini itirdiyimi aşkarladım. Bütün həyatım başıma fırlandı. Demək olar ki, həyatımın bütün izlərini itirdim. Ümidsizlikdən kədərlənib evə qayıtdım. Oturmuşdum ki, birdən tanımadığım bir adam qapımın zəngini basdı. İlk baxışdan – adi evsiz idi, amma aydın xoş gözləri var idi. O salamlaşdı, özünü təqdim etdi və kisəni mənə uzatdı. Lal bir səhnə. Mən əsən əllərimlə kisəni eşələməyə başlayıram və anlayıram ki, orada hər şey, o cümlədən, pullarımın da hamısı yerindədir! Ərim ona dərhal pul uzatdı, o isə bundan imtina etdi! Anlyırsınızmı, evi-eşiyi olmayan bir insan yolda kisə tapdı, sonra elektrik qatara, ondan sonra metroya, sonra isə marşrut avtobusuna oturub gəldi və bir saat yaşadığım evi axtardı ki, sadəcə mənə kömək etsin. Sonra o çıxıb getdi və biz hələ xeyli dayanıb sözün əsl mənasında bu İnsan haqda düşünürdük”. İrina Demidova.

 

Yanacaqdoldurma məntəqəsində həyat sevinci dərsi

 

Adi amerikalı cütlük yanacaqdoldurma məntəqəsinə gələrək hamıya özlərinin də gözləmədiyi heyrət doğuran həyat sevinci dərsi veriblər. Uill – barmendir, Monifa isə - fitnes üzrə məşqçi, onlar 12 ildir ki evlidirlər. Sadə, şən, ürəyi açıq, bir-birini səmimi sevən və həyatın ən gözlənilməz anlarından belə həzz almağı bacaran insanlar. Utanmaq və təvazökarlıq etmək əvəzinə onlar öz maşınının yanında fantastik şən, gözəl və riqqətə gətirən bir şou nümayiş etdirərək əvvəlcə aparıcı və televiziya tamaşaçılarının, sonra isə internet istifadəçilərinin də qəlblərini fəth etdilər.  

 

Xilaskar

Belqraddan olan 51 yaşlı serb Renato Qrbiç, Dunay çayının üzərindəki körpünün yanında yerləşən restoranın sahibi, son 15 il ərzində körpüdən tullanmaqla həyatı ilə vidalaşmaq niyyətində olan 25 nəfəri xilas edib. Renato ilk özünə intihar edəni sudan çıxardıqdan sonra onun mühərriklə çalışan balaca qayığı hər zaman hazırlıq vəziyyətindədir. “İşlədiyim zaman hər zaman körpünü müşahidə edirəm – həyatdan könüllü köçməyə qərar verənlərdən üzümü çevirə bilmərəm”, - deyə Renato qeyd edir. 7 il əvvəl yanvarın ortalarında o sudan 18 yaşlı qızı çıxarıb. Bəlli olub ki, o qonşuluqda yaşayır. İndi isə həmin qız ad gününü qeyd etmək üçün hər il xilaskarının restoranına gəlir. Bir neçə il keçdikdən sonra qız restoran sahibini toyuna dəvət edib. “Hər dəfə onu görəndə ürəyim daha da tez-tez çırpınmağa başlayır”, - deyə xilaskar etiraf edir.