Şeyx Məhəmməd Mosuli: Ayətullah Seyyid Əli Sistani hər gün sübh namazında Azərbaycan xalqına dua edir

Heç olmasa müqəddəs Ramazan ayında müsəlmanlar bir olmalıdır

Moskva, İqbal Rüstəmov, İnteraz - 18 Iyun 2016, 16:07

Biz dua edirik ki, Allah Təala Azərbaycan xalqını dünyanın hər yerində qalib gətirsin. Bu dua Ayətullah Seyyid Əli Sistaninin duasıdır. O, deyir: “Mən hər gün sübh namazından sonra, məxsus Azərbaycan xalqına dua edirəm.

Bunu İnterAz-ın Moskva müxbirinə müsahibəsində Müctəhid Ayətullah Seyyid Əli Sistaninin Rusiya və Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi şeyx Məhəmməd Mosuli deyib.

“Heç olmasa müqəddəs Ramazan ayında müsəlmanlar bir olmalıdır. Ama olmur, daha doğrusu qoymurlar. Çünki islamın düşmənləri onun içindədir. Belə bir məsəl var, ağacı qurd içindən yeməsə, min yaşar. Bizdə də belədir. Bizim bəzi avam müsəlmanlarımız xaricə casus işləyərək müsəlmanları parçalayırlar. Tək müsəlmanları yox, hətta bir tayfanı belə parçalayırlar. Hərəyə bir ad qoyub, bir balaca tayfanı min yerə bölürlər,” - deyə Müctəhid Ayətullah Seyyid Əli Sistaninin Rusiya və Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi qeyd etdi.

Məhəmməd Mosuli nəzərə çatdırdı ki, İslam ümmətinin rahatlığa, həqiqi səadətə, yalnız, həqiqi olaraq Qurana tabe olduqdan sonra yetişəcəklər: “Müsəlman dünyasında haqsızlıqların baş verməsi, müharibələrdə, əmin amanlıqdan uzaq olmasının məncə iki səbəbi var. Biri onların İslamdan, Qurani-Kərimdən uzaq olmalarıdır. Yəni günah şəxsən müsəlmanların özündədir. Bu qozu götürüb qabığını yeyib, içini tullamağa bənzəyir. İkinçisi isə digər dövlətlərin, işğalçı dövlətlərin siyasətidir. Onları sadəcə maliyyə maraqlandırır. Harda neft var, onlar dəvə kimi oturur ora. Müsəlmanlarında mundarları onlara kömək edir”.