Hər kəs Ronaldonun bu hərəkətindən danışır

Portuqaliyalı futbolçunun bu hərəkəti İspaniyada günün mövzusu olub

Bakı, Nazilə Xaqani, İnteraz - 24 Oktyabr 2016, 13:38

“Real Madrid”in ulduz oyunçusu Kritano Ronaldo sadəcə futbolla deyil, futbol meydançalarında və ordan kənarda olan hərəkətləri ilə də gündəmə gəlir.

İnterAz xəbər verir ki, Ronaldo 2-1 qalib gəldikləri “Atletik Bilbao” qarşılaşmasında qəribə bir hərəkət edib. Ronaldo oyunun 84-cü dəqiqəsində komanda yoldaşı Moratanın atdığı qalibiyyət qoluna sevinmək əvəzinə köməkçi hakimə dönərək əlini qaldırıb və “ofsayt” işarəsi edib.

Portuqaliyalı futbolçunun bu hərəkəti İspaniyada günün mövzusu olub, dünya mediasında da geniş yer alıb. Qolu özü atmadığı üçün etiraz etdiyi iddia edilən Ronaldonun bu ilk hərəkəti deyil.

Ronaldo ötən sezon da komanda yoldaşı Benzemanın atdığı qoldan sonra hakimin yanına gedərək etiraz etmişdi.