"Araz" elit raundda növbəti mərhələyə başlayır

Təmsilçimiz Xorvatiya klubuna qarşı oyuna çıxacaq

Bakı, Vüsal Süleymanov, İnteraz - 22 Noyabr 2016, 13:31

Sabah futzal üzrə UEFA kubokunda elit-raunda start veriləcək.

İnterAz-ın Apasport.az saytına istinadən verdiyi məlumatına görə, Azərbaycan çempionu “Araz”ın mübarizə apardığı B qrupunda ilk turun qarşılaşmaları baş tutacaq.

Xorvatiyanın paytaxtı Zaqrebdə qüvvəsini sınayacaq Miltinyonun yetirmələri “Dördlər finalı”na son addımı atmağa çalışacaq. Həlledici raunda yüksəlmək komandamız üçün kifayət qədər çətin, eyni zamanda vacib vəzifədi.

Çünki elit-raund keçilməsə, mövsümün ikinci yarısı yalnız daxili yarışlara həsr olunacaq. Qitənin ən güclü 4 komandası sırasına düşməsi isə Naxçıvan təmsilçisinin yazadək yüksək səviyyədə mübarizə aparması deməkdi.

Lakin bunun öhdəsindən gəlmək heç də asan olmayacaq. Çünki yalnız elit-raundun qrup qalibləri kubok uğrunda mübarizəni davam etdirəcək. Komandamız iddialı olsa da, ilk iki yerdən birini tutacağı şübhə doğurmasa da, bu dəfə yalnız 1-ci pilləni tutmaq vacibdi.

Xorvatiyanın “Nasional” klubu evdə oynasa da, “Araz” üçün ciddi rəqib hesab olunmur. Bu üzdən çempionumuzun yarışa qələbə ilə başlayacağını söyləmək mümkündü. Son turdakı rəqibi “Hamburq” olacaq Miltinyonun yetirmələri üçün ikinci görüş həlledici xarakter daşıyır. Almaniya futzal ölkəsi sayılmadığından bu mərhələnin debütantı olan hamburqlular aşkar autsayder sayılır.

Təkcə qrupun deyil, UEFA kubokunun favoriti olan Rusiya “Yuqra”sı ilə noyabrın 24-dəki matç komandamızın taleyinə böyük ölçüdə aydınlıq gətirəcək. Kubokun son qalibi olan şimallılar titulunu qorumağa iddialıdı. Üstəlik, şimallıları Kaka çalışdırır ki, bu da duelə əlavə prinsipiallıq qatır.

Yığmamızın sabiq futzalçısı, “Neftçi”də oynayan məşqçi olduğu vaxt “Araz”la rəqabətin iştirakçısı olan milliləşən braziliyalı o vaxt əldən verdiyi çempionluğun revanşını almaq əzmindədi. Lakin Kakanın yetirmələri ilə oyunda heç-heçə də “Dördlər finalı” üçün yetərli ola bilər. Bu səbəbdən də digər iki rəqibə mümkün qədər çox qol vurmaq lazımdı.

Qeyd edək ki, qrupun bütün oyunları Zaqrebdəki İdman Evində keçiriləcək.

UEFA kuboku

Elit raund

B qrupu

I tur

23 noyabr

21:00. “Yuqra” (Rusiya) - “Hamburq” (Almaniya)

23:30. “Nasional” (Xorvatiya) - “Araz” (Azərbaycan)

II tur

24 noyabr

21:00. “Araz” (Azərbaycan) - “Yuqra” (Rusiya)

23:30. “Nasional” (Xorvatiya) - “Hamburq” (Almaniya)

III tur

26 noyabr

21:00. “Hamburq” (Almaniya) - “Araz” (Azərbaycan)

23:30. “Yuqra” (Rusiya) - “Nasional” (Xorvatiya)

Qeyd: oyunların saatı Bakı vaxtı ilə göstərilib.