Bakıda Beynəlxalq Kanoe Federasiyasının prezidenti seçilib

O, 94 mümkün səsdən 82-ni qazanıb

Bakı, Nazilə Xaqani, İnteraz - 25 Noyabr 2016, 16:34

Beynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib.

İnterAz xəbər verir ki, bu vəzifəyə növbəti 4 il müddətinə hazırkı prezident Xose Perurena Lopez seçilib. İCF-nin Bakıdakı XXXVI Konqresi çərçivəsində baş tutmuş seçkidə ispaniyalı funksionerin rəqibi olmayıb. O, 94 mümkün səsdən 82-ni qazanıb. 

Qeyd edək ki, Xose Perurena Lopez 1945-ci il aprelin 4-də İspaniyanın paytaxtı Madriddə anadan olub. O, 1968-ci il Mexiko Yay Olimpiya Oyunlarında kayakçı kimi mübarizə aparıb. İspaniyalı funksioner İCF-yə 2008-ci ildən rəhbərlik edir. X.Perurena 2011-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü, 2014-cü ildən isə Beynəlxalq Dünya Oyunları Assosiasiyasının prezidentidir.