Həsən Əliyev qızıl medal qazanıb

Yığma komandanın üzvü 1-ci yerə çıxdı

Bakı, Vüsal Süleymanov, İnteraz - 28 Noyabr 2016, 14:29

Bakı İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi başa çatıb.

İnterAz-ın məlumatına görə, turnirdə 49 ölkədən dünyanın 500-ə yaxın ən güclü pəhləvanları mübarizə aparıb.

Son yarış günündə yunan-Roma güləşi üzrə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz son yarış günündə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Beləki 71 kq çəki fərəcəsində mübarizə aparan Həsən Əliyev finala qədər Kolumbiyalı, Macarıstanlı, Serbiyalı və Çinli rəqiblərini çətinlik çəkmədən məğlub etməyi bacarıb. Yığma komandamızın aparıcı üzvlərindən olan H.Əliyevin finaldakı rəqibi də Macarıstanlı güləşçi Balint Korpasi olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüşü təmsilçimiz cüzi üstünlüklə də olsa öz xeyrinə başa vuraraq "Qızıl Qran-Pri"nın qızıl medalını boynyndan asıb.Bununla Dünya və Avropa çempionu "Qızıl Qran-Pri" turnirində 4-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xatırladaq ki, sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc, qadın güləşçilərimiz 1 gümüş və 2 bürünc medal qazanıb.

Beləliklə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsini güləşçilərimiz bütövlükdə 7 qızıl, 3 gümüş və 7 bürünc medalla başa vurub.