Cüdoçularımızdan bəziləri mövqeyini itirib

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Bakı, Vüsal Süleymanov, İnteraz - 05 Dekabr 2016, 13:25

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

İnterAz-ın məlumatına görə, dekabr üçün tərtib edilən siyahıda Azərbaycan millisinin ilk “onluq”da yer alan idmançılarının sayı azalıb.

Aparıcı cüdoçularımızdan Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) öz çəkilərində birinci pilləni qoruyublar. Orxan Səfərov (60 kq) da yenə 2-ci olduğu halda, Nicat Şıxəlizadə (66 kq) “onluğ”u tərk edib. 2 rəqibini özündən irəli buraxan idmançı 12-ci yerə enib.

İlqar Müşkiyev (60 kq) və Elxan Məmmədov (100 kq) mövqelərini yaxşılaşdırıblar. Hərəyə 1 pillə irəli gedən cüdoçular müvafiq olaraq, 14-cü və 7-cidi.

Hələ baş məşqçisinin adına aydına aydınlıq gəlməyən yığmamızda Tərlan Kərimov (66 kq), Məmmədəli Mehdiyev (90 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) yerlərini qoruyublar. Onlar bundan əvvəlki siyahıda olduğu kimi müvafiq olaraq, yenə 45-ci, 20-ci, 18-ci və 41-ci pillədə qərarlaşıblar.