Dünya çempionatında uğur qazanan Azərbaycan güləşçiləri vətənə qayıtdılar

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin böyük məşqçisi Şaban Donat idmançılarımızın qazandıqları uğurları tarixi hadisə adlandırıb

Bakı, İnteraz - 08 Avqust 2014, 15:32

Xorvatiyanın Zaqreb şəhərində keçirilən gənclər arasında Dünya çempionatında uğurla çıxış edərək, 5 qızıl və 1 gümüş medal qazanan yunan-Roma güləşi üzrə yığma komandamız gecə saatlarında Vətənə qayıdıb.

 

İnterAz xəbər verir ki, Heydər Əliyev beynəlxlaq hava lımanında pəhləvanlarımız böyük coşqu ilə qarşılanıb. 

Xatırladaq ki, təmsilçilərimizdən Elman Muxtarov, Orxan Nuriyev, İbrahim Nurullayev, Murad Məmmədov və İslam Abbasov qızıl, Ruhin Mikayılov isə gümüş medal qazanıb. Qazanılan naliyyətlərin daha bir özəlliyi güləşiçilərimizin ermənistanlı rəqiblərinə böyük üstünlüklə qalib gəlməsidir.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin böyük məşqçisi Şaban Donat idmançılarımızın qazandıqları uğurları tarixi hadisə adlandırıb, bu nailiyyətin ölkəmizdə idmana göstərilən diqqət və qayğının təzahürü olduğunu bildirib. Mütəxəssis həmçinin güləşçilər üçün yaradılan yüksək səviyyəli şəraitə görə Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkürünü bildirib, bu cür qələbələrin ardının gələcəyini deyib.

Daha sonra Dünya çempionatında respublikamızın himnini səsləndirən idmançılarımız fikirlərini bildiriblər. 

Elman Muxtarov bunları deyib: “Biz hamımız Ali Baş Komandan, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin əsgərləriyik. Ali Baş Komandanın əmri ilə əldə silah səngərdə də düşmənin qarşısına çıxıb, ona qalib gəlməyə hazırıq. Ermənilərdən qat-qat üstün olduğumuzu bir daha sübuta yetirdik”.

Çempionatın digər qızıl medalçısı İslam Abbasov yaxşı hazırlıq prosesi keçdiklərini qeyd edib: “Hazırlığımız və yarışlarda uğurlu çıxışımız üçün federasiya rəhbərliyi tərəfindən hər bir şərait yaradılıb. Məşqçilərimizə də minnətdaram. Bu qələbəni Vətən uğrunda canından keçən igidlərimizə həsr edirəm”.

Bir ay əvvəl Avropa çempionu olmuş ermənini diz çökdürən Ruhin Mikayılov həmin an böyük fəxr hissi keçirdiyini vurğulayıb: “Həmin hisləri sözlə ifadə etmək çətindir. Görüşün çətin olacağını bilirdim. Amma onunla ikiqat güclə güləşdim. Məşqçilər və federasiya nümayəndələrinin dəstəyi ilə xalça üzərinə tam psixoloji hazırlıqla çıxdım. Çox sevinirəm ki, onu məğlub etdim”. 

Qeyd edək ki, 5 qızıl, və 1 gümüş medalla yekunda 59 xal toplayan yığmamız komanda hesabında da dünya çempionatını ilk sırada tamamlayıb. İkinci yerdə Gürcüstan, üçüncü sırada Türkiyə komandası qərarlaşıb. Pəhləvanlarımız eyni zamanda Azərbaycan güləş tarixində yeni səhifə yazıblar. Səkkiz çəki dərəcəsindən 6-da finala yüksələn təmsilçilərimiz komandanın gələcəyinin etibarlı əllərdə olduğunu sübut ediblər.