Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turu başa çatıb

"İnter" klubu ötən mövsümün bürünc mükafatçısı "Qəbələ" komandasını sınağa çəkib

Bakı, İnteraz - 11 Avqust 2014, 12:54

Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turuna yekun vurulub.

 

İnterAz xəbər verir ki, daha üç qarşılaşma keçirilib.

 

Azərbaycanın Avropa Liqasındakı təmsilçisi olan Bakının "Neftçi" klubu səfərdə Premyer Liqanın debütantı "Araz Naxçıvan"ın qonağı olub. Qarşılaşma "Neftçi"nin böyük hesablı məğlubiyyəti ilə başa çatıb - 0:3.

 

Avroliqadakı digər təmsilçimiz "Qarabağ" klubu isə ilk turda Sumqayıta səfər edib. Ağdam təmsilçisi orada yerli "Sumqayıt" klubu ilə münasibətlərinə aydınlıq gətirib. Oyun son ölkə çempionunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın hücumçusu Reynaldo Silva görüşdə dubl edib.

 

Turun mərkəzi qarşılaşması paytaxt Bakıda baş tutub. Burada "İnter" klubu ötən mövsümün bürünc mükafatçısı "Qəbələ" komandasını sınağa çəkib. "İnter Arena"da keçirilən oyunda meydan sahibləri rəqibi darmadağın ediblər – 4:0.



Bildirək ki, mövsümə ötən gün keçirilən AZAL - "Xəzər Lənkəran" oyunu ilə start verilib. Bu görüşdə qalib müəyyənləşməyib - 1:1. Turun digər matçı "Bakı" - "Simurq" oyunu isə məlum səbəblərdən təxirə salınıb.