Hacı Əliyev birinci, Xetaq, Yuliya və Saman ikinci yerdə - REYTİNQ

Dünya Güləş Birliyi Dünya çempionatı və Asiya Oyunlarının nəticələrinə əsasən, bütün güləş növlərində güləşçilərin reytinq siyahısını açıqlayıb

Bakı, Vüsal Nəbiyev, İnteraz - 20 Oktyabr 2014, 16:08

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) təqvim planı üzrə sentyabrda keçirilən Dünya çempionatı və Asiya Oyunlarının nəticələrinə əsasən, bütün güləş növlərində güləşçilərin reytinq siyahısını açıqlayıb. 

 

Azərbaycan Güləş Federasiyasından İnterAz-a verilən məlumata görə, Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı daxil edilib. Ən yaxşı göstərici Dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci yerdədir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Dünya çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə, reytinqdə 7-ci pillədə qərarlaşıb. 

 

Qadın güləşçilərin reytinq sıralamasında 4 güləşçimizin adı var. Dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) reytinqdə də ikinci sırada qərarlaşıb. Dünya çempionatında bürünc medal qazanan Mariya Stadnik isə, reytinqdə 4-cü sıradadır. 

 

Sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin son reytinq siyahısında öz yerlərini tutub. Ən yüksək göstərici isə, Dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. Hacı Əliyev Daşkənddə öz çəkisində bütün rəqiblərindən üstün olmaqla reytinqdə də ilk sırada qərarlaşıb. Dünya çempionatının gümüş mükafatını qazanan Xetaq Qazyumov (97 kq) isə, reytinqdə ikincidir.