Avropa Liqasının final oyununun tərəfdaşları Bakıda səfərdə olublar

Səfərin ikinci günü AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə nümayəndə heyəti final oyununun təşkilati işləri çərçivəsində keçiriləcək müxtəlif tədbirlərin məkanları ilə tanış olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 16 Noyabr 2018, 10:55

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar müxtəlif fəaliyyət sahələri üzrə nümayəndə heyətlərinin Azərbaycan paytaxtına mütəmadi səfərləri davam edir.

 

İnterAz-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu dəfə final qarşılaşmasında UEFA ilə rəsmi tərəfdaş olan şirkətlərin təmsilçiləri BOS-da olublar. Onlar, həmçinin final matçı ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin məkanlarına baş çəkiblər.

 

BOS-dakı tədbirdə Avroliqanın layihə meneceri Andreas Şar, AFFA baş katibinin müavini Sərxan Hacıyev, Marketinq və Sponsorluq Şöbəsinin müdiri Tural Piriyev çıxış ediblər. Sonra tədbir iştirakçıları stadion ərazisinə tanışlıq xarakterli baxış keçiriblər.

 

Səfərin ikinci günü AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə nümayəndə heyəti final oyununun təşkilati işləri çərçivəsində keçiriləcək müxtəlif tədbirlərin məkanları ilə tanış olub.

 

Sonda xatirə şəkli çəkdirilib.