Azərbaycanın FIFA referisi karyerasını başa vurur

O, 2006 - 2008-ci illərdə futbol üzrə Premyer Liqa oyunlarına referi kimi təyinat alıb, daha sonra futzal üzrə FIFA referisi olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 14:34

Azərbaycanın futzal üzrə FIFA referisi Elçin Səmədli karyerasını başa vurur.

 

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, 47 yaşlı ədalət təmsilçisi ilin sonunda hakimliklə vidalaşacaq. Bu səbəbdən, Səmədlinin adı Azərbaycanın 2019-cu il üçün FIFA referilərinin siyahısına daxil edilməyib. O, karyerasını hakim-inspektor qismində davam etdirmək niyyətindədir.

 

Qeyd edək ki, hakimlik fəaliyyətinə 2002-ci ildə başlamış Elçin Səmədli futzal üzrə Azərbaycan çempionatında 2004-cü ildən hakimlik edir. O, 2006 - 2008-ci illərdə futbol üzrə Premyer Liqa oyunlarına referi kimi təyinat alıb, daha sonra futzal üzrə FIFA referisi olub.