Azərbaycanın iki velosipedçisi İsveçrədə təcrübə keçəcək

İdmançılar yanvarın 15-dən Dünya Velosiped Mərkəzinin yeni formalaşdırılmış komandasının heyətində yarışlara qatılmaqla ustalıqlarını artıracaqlar

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 14:04

Azərbaycanın iki velosipedçisi İsveçrənin Eql şəhərində yerləşən Dünya Velosiped Mərkəzində təcrübə keçəcək.

 

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) ilə razılıq əldə olunub. Sövdələşməyə əsasən, Azərbaycanın U-23 yığmasının üzvləri Musa Mikayılzadə və Kərim Şirəliyev İsveçrədə 6 ay təcrübə keçəcəklər.

 

İdmançılar yanvarın 15-dən Dünya Velosiped Mərkəzinin yeni formalaşdırılmış komandasının heyətində yarışlara qatılmaqla ustalıqlarını artıracaqlar.

 

Qeyd edək ki, UCI hər il planetin müxtəlif ölkələrindən məhdud sayda gənc və perspektivli idmançıları xüsusi seçim əsasında Dünya Velosiped Mərkəzinə cəlb edir. Azərbaycan velosiped tarixində ilk dəfə 2 idmançı eyni anda adı çəkilən mərkəzdə ustalığını artıqmaq şansı əldə edib.