Çempionlar Liqası və Avroliqa oyunları bir dəqiqəlik sükutla başlayacaq

Qurumun prezidenti Aleksander Çeferin Salanın ailəsinə və yaxınlarına başsağlığı verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Fevral 2019, 13:10

Bu həftə keçiriləcək futbol üzrə Çempionlar Liqası və Avropa Liqası oyunları bir dəqiqəlik sükutla başlayacaq.

 

İnterAz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təyyarə qəzasında dünyasını dəyişən İngiltərənin "Kardiff Siti" klubunun futbolçusu Emiliano Salanın xatirəsi qarşıdakı matçlarda yad olunacaq.

 

Qurumun prezidenti Aleksander Çeferin Salanın ailəsinə və yaxınlarına başsağlığı verib. O, futbolçunun gənc yaşda həyatını itirməsinə təəssüfləndiyini deyib: "Mən qitə azarkeşlərini qarşıdakı günlərdə onun xatirəsinə hörmət etməyə çağırıram". 

 

Qeyd edək ki, Emiliano Sala "Kardiff Siti"yə qış transfer dövründə Fransa "Nant"ından 15 milyon funt sterlinqə keçib. O, Uels təmsilçisinin tarixində ən bahalı transfer olub. Sala Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb. Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.