"Çelsi" Bakıda keçiriləcək Avropa Liqasının final matçının biletlərini satışa çıxarıb

Dörd kateqoriya üzrə təqdim edilən biletlərin qiyməti 20 – 140 avro təşkil edir...

Bakı, Aytən Əliyeva, İnteraz - 14 May 2019, 12:04

İngiltərənin “Çelsi” klubu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçı üçün nəzərdə tutulan biletləri bu gün satışa çıxarıb.

 

İnterAz London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 5801 ədəd bileti klubun abuna kartlarına sahib olan azarkeşlər əldə edə biləcəklər. Biletlər gün ərzində fanatların topladıqları “sadiqlik balları”na uyğun şəkildə onlayn formada 5 mərhələdə satılacaq.

 

Artıq saat 07:00-dan etibarən (Bakı vaxtı ilə saat 10:00) 61 və daha çox “sadiqlik balına” sahib şəxslər saat 09:30-a qədər hərəyə bir bilet ala bilərlər. İkinci mərhələ saat 10:00-dan 11:30-dək olacaq. Bu dəfə 56 və daha çox bala malik fanatları bir bilet götürəcəklər.

 

Üçüncü mərhələ 12:00 – 13:30-u əhatə edəcək. Satış 51 və daha çox balı olanlar arasında reallaşdırılacaq. Saat 14:00-dan 15:30-dək 46 və daha çox bala sahib azarkeşlər bilet alacaqlar. Qalan biletlər isə 16:00-dan etibarən satışa çıxarılacaq və bütün abunə kartına malik şəxslər üçün əlçatan olacaq.

 

Biletlərin hamısı bu 5 mərhələdə satılmayacağı təqdirdə, bazada qalanlar mayın 23-da saat 17:00-da satışa çıxarılacaq.

 

Dörd kateqoriya üzrə təqdim edilən biletlərin qiyməti 20 – 140 avro təşkil edir.

 

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.