Avropa çempionatında medal qazanmış güləşçilər mükafatlandırılıb

Namiq Əliyev daha sonra AÇ-də medal qazanan güləşçilərə və yığmaların məşqçilərinə pul mükafatlarını təqdim edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 14 May 2019, 17:50

Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilmiş Avropa çempionatında medal qazanmış güləşçilərin və yığmaların məşqçiləri mükafatlandırılıb.

 

İnterAz xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında baş tutan tədbirdə çıxış edən AGF-nin rəhbəri Namiq Əliyev güləşçilərin qitə birinciliyindəki çıxışını şərh edərək nəticələrin ürəkaçan olduğunu bildirməklə yanaşı, qarşıdakı planlara da toxunub: “Bu il əsas hədəfimiz Qazaxıstanda keçiriləcək lisenziya xarakterli dünya çempionatıdır. Ümid edirik ki, Tokio Olimpiadasına lisenziyaların 80 faizini həmin yarışdan əldə edəcəyik. Qalan vəsiqələri isə digər lisenziya turnirlərindən qazanmağı planlaşdırırıq. Son Olimpiadalarda, demək olar ki, 90 faiz heyətlə təmsil olunmuşuq. Hesab edirəm ki, Tokioda da ən azı 15 güləşçiylə iştirak etməliyik”.

 

Federasiyanın başçısı iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının önəmindən də danışıb, yeniyetmə güləşçilərimizin tam heyətlə festivalda iştirak edəcəyini və uğurlu nəticələr qazanacaqlarına inandığını dilə gətirib.

 

Namiq Əliyev daha sonra AÇ-də medal qazanan güləşçilərə və yığmaların məşqçilərinə pul mükafatlarını təqdim edib.

 

Sonda baş məşqçilər və vitse-prezidentlər ürək sözlərini çatdırıblar. Onlar diqqət və qayğıya görə federasiya rəhbərliyini minnətdarlıq ediblər. Qeyd olunub ki, güləşçilər Tokio Olimpiadasında da ümidləri doğrultmağa çalışacaq.

 

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləçilərdən Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov qızıl, Ağahüseyn Mustafayev gümüş, Mahir Əmiraslanovla Nurməhəmməd Hacıyev bürünc medal qazanıb. Yunan-Roma güləçilərindən Eldəniz Əzizli və Taleh Məmmədov bürünc medal əldə ediblər. Qadın güləşçilərdən Elis Manolova qızıl, Alyona Kolesnik, Elmira Qəmbərova və Tatyana Omelçenko isə bürünc medal götürüb.