“Qalatasaray” 18-ci dəfə Türkiyə kubokunu qazanıb

88-ci dəqiqədə Sofyan Fequli "sarı-qırmızılar"ı hesabda önə çıxarıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 16 May 2019, 08:49

Futbol üzrə Türkiyə Kubokunun sahibi müəyyənləşib.

 

İnterAz-ın məlumatına görə, bu mükafata finalda "Akhisarspor"a 3:1 hesabı ilə qalib gələn "Qalatasaray" sahib olub.

 

Matçda bütün qollar ikinci hissədə vurulub. Hesabı 56-cı dəqiqədə "Akhisarspor"un futbolçusu Elvis Manu açıb. Bundan 6 dəqiqə sonra "Qalatasaray"ın oyunçusu Mbaye Dianye penaltidən yararlana bilməyib. 75-ci dəqiqədə baş hakim Suat Arslanboğa VAR sisteminə müraciət etdikdən sonra yenidən penalti təyin edib. Buna etiraz edən"Akhisarspor"un müdafiəçisi Migel Lopes ard-arda iki sarı vərəqə alaraq, meydandan qovulub. Penaltini isə Sinan Gümüş dəqiq yerinə yetirib.

 

88-ci dəqiqədə Sofyan Fequli "sarı-qırmızılar"ı hesabda önə çıxarıb. Oyunda son nöqtəni isə Dianye 90+4-cü dəqiqədə qoyub.

 

Beləliklə, "Qalatasaray" tarixi ərzində rekord sayda - 18-ci dəfə Türkiyə Kubokuna sahib olub. Bunlardan 3-ü isə Fatih Terimin baş məşqçi olduğu dövrə təsadüf edib.

 

Daha əvvəl "Qalatasaray" Türkiyə Super Liqasında liderliyə yüksəlib.