AVRO-2020: Azərbaycan Slovakiyaya böyük hesabla məğlub olub

"Bakcell Arena"da keçirilmiş qarşılaşma Azərbaycan yığmasının 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb...

Bakı, Aytən Əliyeva, İnteraz - 12 Iyun 2019, 08:36

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

 

İnterAz xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bu dəfə Slovakiyanı qəbul edib.

 

"Bakcell Arena"da keçirilmiş qarşılaşma Azərbaycan yığmasının 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

Görüşdə hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka komandasını önə keçirib. 27-ci dəqiqədə isə Yuray Kuçka cərimə zərbəsindən baxımlı qola imza atıb. Matçın 29-cu dəqiqəsində Ramil Şeydayev fərqlənməklə Azərbaycan millisini ümidləndirib. Qoldan bir dəqiqə sonra Slovakiyanın kapitanı Marek Hamşik fərqi yenidən artırıb. İlk hissə bu hesabla da başa çatıb. 57-ci dəqiqədə Hamşik özünün ikinci, komandasının 4-cü qolunu vurub. Bu da matçdakı sonuncu qol olmayıb. 85-ci dəqiqədə David Hançko Azərbaycan millisini 5-ci dəfə məyus edib.

 

Bu nəticədən sonra Slovakiya xallarının sayını 6-ya çatdırıb. Azərbaycanın isə 3 oyundan sıfır xalı var.