Karateçilərimiz WKF kubokunu və Gənclər Liqasını 6 medalla başa vurublar

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF-in Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıların mükafatlandırma mərasimində iştirak edib...

Bakı, Aytən Əliyeva, İnteraz - 09 Iyul 2019, 15:23

Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri Xorvatiyanın Umaq şəhərində 12-21 yaşlılar arasında Dünya Karate Federasiyasının (WKF) kuboku turnirini, eyni zamanda, Gənclər Liqası yarışını 2 qızıl, bir gümüş və 3 bürünc (6 medal) medalla başa vurublar.

 

Azərbaycan Milli Karate Federasiyasından İnterAz-a verilən məlumata görə, Gənclər Liqasında yarışın son günü Hüseyn Məmmədlinin (-61 kq, 16-17 yaşlı gənclər) qazandığı gümüş medalla idmançılarımızın mükafatlarının sayı 6-ya çatıb. Əvvəlki günlərdə isə Ramil Baxşəliyev (52 kq, 14-15 yaşlı yeniyetmələr) və Sultan Hüseynov (55 kq, 16-17 yaşlı gənclər) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

 

WKF Kubokunda 21 yaşadək gənclərdən ibarət milli komandanın üzvləri Murad Hacızadə (+84 kq) və Hümmət Baxşəliyev (67 kq) qızıl medala, Fidan Teymurova (50 kq) isə gümüş mükafata sahib olub. Yeniyetmə və gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyev payız aylarında Çilidə keçiriləcək dünya çempionatına hazırlıq baxımından nəticəni uğurlu hesab edib.

 

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF-in Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıların mükafatlandırma mərasimində iştirak edib.