Azərbaycan velosipedçiləri Dünya Kubokunda 5-ci olub

İlk yarış günü milli idmançılar 2 növdə çıxış ediblər

Bakı, İlkin Məmmədov, İnteraz - 19 Yanvar 2015, 10:51

Kolumbiyanın Kali şəhərində velosiped idmanının trek növü üzrə Dünya Kubokunun sonuncu, 3-cü mərhələsi davam edir.

 

İnterAz xəbər verir ki, 46 ölkədən olan idmançıların mübarizə apardığı yarışda Azərbaycan 2 velosipedçi - Olqa İsmayılova və Sergey Omelçenko ilə təmsil olunur.

 

İlk yarış günü milli idmançılar 2 növdə çıxış ediblər. Keyrində yarışan Sergey Omelçenkonun çıxışı istənilən kimi alınmasa da, 200 metr məsafəyə sprint yarışında mübarizə aparan Olqa İsmayılova uğurlu çıxışla yadda qalıb. 32 nəfər arasında yarışan velosipedçimiz təsnifat mərhələsində 5-ci olub və 1/16 finala vəsiqə qazanıb. Bu mərhələdə Hollandiya, 1/8 finalda isə Rusiya nümayəndəsini mübarizədən kənarlaşdıran Olqa İsmayılova 1/4 finalda Honqkonq təmsilçisinə uduzub. 5-ci yer uğrunda yarışmalı olan idmançı Böyük Britaniyanın 2, Kubanın isə 1 velosipedçisini qabaqlamaqla Dünya Kubokunun 3-cü mərhələsini 5-ci pillədə bitirib.

 

Dünya Kubokunun 3 mərhələsinin yekununa əsasən, Olqa İsmayılova 200 metr məsafəyə sprint yarışlarında mübarizə aparmış 50 iştirakçı arasında 233 xalla 6-cı nəticə göstərib.