“Mançester Siti” irqçi çağırışlar səsləndirdiklərinə görə Rusiya klubunun azarkeşlərindən UEFA-ya şikayət edib

İngiltərə klubu Rusiya klubunun fanatlarının tribunalardan səsləndirdikləri nalayiq ifadələrinə görə matçın baş tutduğu “Arena Ximki” stadionunun diskvalifikasiyasına çalışacaqlar

Moskva, Roman Ağayev, İnteraz - 24 Oktyabr 2013, 22:08

Çempionlar Liqası qrup mərhələsinin üçüncü turunda baş tutan İngiltərənin “Mançester Siti” və Rusiyanın “MOİK” (Mərkəzi Ordu İdman Klubu) arasında qarşılaşma Moskvanın yaxınlığındakı “Arena Ximki” stadionunda keçirilib və ingilislərin 2-1 hesablı qələbəsi ilə nəticələnib.

Oyun ərzində ordu klubunun fanatları tribunalardan ingilislərin ivuariyalı yarımmüdafiəçisi Yaya Turenin ünvanına irqçı mahnılar və təhqir dolu ifadələr səsləndiriblər. İnterAz Sky Sports-a istinadən xəbər verir ki, zərərçəkən UEFA-dan stadionun diskvalifikasiya edilməsinə nail olmaq niyyətindədir.

Oyunun sonunda bir neçə il Ukraynanın Donetsk şəhərinin “Şaxtyor” klubunda çıxış etmiş və rus dilini öyrənmiş qaradərili futbolçu təhqir faktları ilə bağlı kəskin hiddətləndiyini bildirib və stadionun bir neçə ilə diskvalifikasiya olunmasını tələb edib. Baş vermiş olaylar barəsində o, qarşılaşmanın hakimi və matçın deleqatına xəbər verib.

Tribunalardan səslənən irqçi çağırışları həmçinin bir vaxt “Şaxtyor” klubunda çıxış etmiş “Mançester Siti”nin braziliyalı yarımmüdafiəçisi Fernandinyo da eşidib. Braziliyalı söüləyib ki, Ukraynada oynadığı müddət ərzində belə şeylərlə rastlaşmayıb və “bütün bunlar olduqca xoşagəlməzdir”.

Bu arada “MOİK” klubunun baş direktoru Roman Babayev bildirib ki, kluba heç bir rəsmi şikayət daxil olmayıb, ordu komandasının nümayəndələri isə heç bir irqçi şüarlar eşitməyib. Babayev vurğulayıb ki, qaradərili futbolçular Moskva klubunda da çıxış edir, və onlar bu kimi problemlərlə heç vaxt rastlaşmayıblar.

Buna baxmayaraq, Roman Babayev Turenin şikayət etdiyi epizodların araşdıracağını vəd edib.