“Bavariya” Çempionlar Liqasının qalibi olub

Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümü başa çatıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 24 Avqust 2020, 08:38

Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümü başa çatıb.

 

İnterAz-ın məlumatına görə, bu gün turnirin final qarşılaşması keçirilib.

 

Həlledici matçda Fransa çempionu PSJ ilə Almaniyada qızıl medalların sahibi "Bavariya" üz-üzə gəlib. İtaliyalı Daniele Orsatonun idarə etdiyi görüşdə PSJ tarixində ilk dəfə, "Bavariya" isə 11-ci dəfə final oyununa çıxıb.

 

"Marsel", "Reyms", "Sent-Etyen" və "Monako"dan sonra həlledici matça qədər irəliləyən 5-ci Fransa təmsilçisi olan PSJ-nin 1993-cü ildən sonra kuboku adıçəkilən ölkəyə aparmaq istəyi baş tutmayıb. Məhz fransalı futbolçu Kinqsli Komanın 59-cu dəqiqədə vurduğu yeganə qol finalın taleyini həll edib.

 

Rəqibini 1:0 hesabı ilə məğlub edən "Bavariya" 7 ildən sonra ilk, ümumilikdə isə 6-cı ÇL kubokunu muzeyinə aparıb. PSJ isə fransızların 27 illik həsrətinə son qoya bilməyib.

 

Çempionlar Liqası

 

Final

 

23 avqust

 

23:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1

 

Qol: Koman, 59

 

Baş hakim: Daniel Orsato (İtaliya)

 

Lissabon. "Da Luş" stadionu