Azərbaycan UEFA reytinqində 26-cı pillədə möhkəmlənib

...Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 25 Sentyabr 2020, 11:22

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

 

İnterAz-ın məlumatına görə, Avropa Liqasının III təsnifat mərhələsinin matçlarından sonra cədvəldə cüzi dəyişikliklər yaşanıb.

 

Bəzi ölkələrin xal hesabını artırması mövqelərin dəyişməsi ilə nəticələnib. Cədvəlin ilk yarısında Şotlandiya Ukraynanı arxada qoyub. Digər yerdəyişmələr ikinci yarıda baş verib.

 

Avropada yalnız bir təmsilçisi qalan Azərbaycanın mövqeyi dəyişməyib. 26-cı pillədə qərarlaşan ölkəmizin hesabında 16,250 xal var. İzlədiyimiz ölkələr xal hesablarını artırmaqla Azərbaycandan uzaqlaşıb. 24-cü olan Norveçlə fərq 1,500, 25-ci olan Rumıniya ilə isə 0,575-ə çatıb. Azərbaycan özündən aşağı pillələrdə qərarlaşanlardan da xeyli öndədir. Qazaxıstan 0,625, Belarus 1,125 xal geridədir.

 

Qeyd edək ki, cədvəlin ilk pilləsində 81,069 xala malik İspaniya qərarlaşıb.