AFFA erməni futbolçunun təxribatçı hərəkəti ilə bağlı müraciət edəcək

AFFA Almaniyanın "Hoffenhaym" klubunun erməni futbolçusu Sarkis Adamyanın təxribatı ilə bağlı müraciət hazırlayır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Noyabr 2020, 16:18

AFFA Almaniyanın "Hoffenhaym" klubunun erməni futbolçusu Sarkis Adamyanın təxribatı ilə bağlı müraciət hazırlayır.

 

Assosiasiyadan İnterAz-a verilən məlumata görə, 27 yaşlı hücumçunun əməli ilə bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Bu məsələnin AFFA diqqət mərkəzində olduğu vurğulanıb.

 

Bildirilib ki, sentyabrın 27-dən bəri erməni futbolçuların, funksionerlərin və digər rəsmi şəxslərin təxribatçı açıqlamaları, sosial şəbəkələrdə paylaşımları barədə AFFA müxtəlif təşkilatlara, UEFA-ya, FIFA-ya və aidiyyatı üzrə müxtəlif assosiasiyalara məktublar ünvanlayıb: "İndiyə kimi bununla bağlı 17 məktub yazılıb. Monteneqro, Slovakiya, Yunanıstan və İtaliya Futbol Federasiyaları bunların arasındadır. Sosial şəbəkələrdəki, matçlardakı və digər təxribatların hamısı izlənilir və müvafiq qaydada müraciət ünvanlanır".

 

Qeyd edək ki, Sarkis Adamyan Avropa Liqasının qrup mərhələsinin III turunda Çexiya "Slovan"ını 5:0 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Forvard sport24.ru saytına açıqlamasında qolları Azərbaycan ordusuna qarşı döyüşən erməni "qardaş və bacılarına həsr etdiyini" deyib. Bu zaman o, Qarabağın əvəzinə qondarma rejimin adını çəkib.