İlin Döyüşkən İdman Xadimi və Döyüşkən Məşqçisi mükafatlandırılıb

İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin Qalibləri-2020" layihəsi çərçivəsində növbəti mükafatlandırma mərasimini keçirib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 06 Yanvar 2021, 13:06

İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin Qalibləri-2020" layihəsi çərçivəsində növbəti mükafatlandırma mərasimini keçirib.

 

İnterAz-ın məlumatına görə, bu dəfə İlin Döyüşkən İdman Xadimi nominasiyasında qalib olan "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov və İlin Döyüşkən Məşqçisi seçilən MMA idmançısı Bəxtiyar Abbasov təltif edilib.

 

"Qəbələ" İdman Klubunun ofisində keçirilən mərasim 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb.

 

Tədbiri giriş sözü ilə açan İAM-in sədri və "Report" İnformasiya Agentliyinin İdman şöbəsinin redaktoru Elşən Məmmədov builki mükafatlandırmanın fərqli keçirildiyini diqqətə çatdırıb: "Bu, bir tərəfdən koronavirus pandemiyası şəraitində idman yarışlarının bəzilərinin təxirə salınması, bəzilərinin isə ümumiyyətlə, baş tutmaması ilə bağlı idi. Lakin əsas səbəb 44 günlük Vətən müharibəsi oldu. Hamı əlindən gələni etdi, nəticədə Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti, hərbçilərimizin, şəhidlərimizin canı və qanı bahasına qələbə qazandıq. Qarabağ şavaşında Azərbaycanın idman ictimaiyyətinin 500-dən çox nümayəndəsi - idmançılar, futbolçular, məşqçilər, idman funksionerləri, klub rəhbərləri və jurnalistlər ön cəbhədə idilər. Onların 50-dən çoxu şəhid, eyni sayda döyüşçümüz qazi olub".

 

İlk olaraq ilin döyüşkən məşqçisi seçilən "Baku MMA Academy"nin baş məşqçisi Bəxtiyar Abbasov mükafatlandırılıb. Elşən Məmmədov Abbasovun samboçu olduğu vaxt - 2015-ci ildə Dünya Kubokunda mükafatlandırma mərasimində Ermənistan himninin çalınmasına oturaraq etiraz etdiyini xatırladıb. Bəxtiyar Abbasova mükafatı Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov təqdim edib.

 

Umudov bunun böyük təqdimat olduğunu bildirib: "Ali Baş Komandanın rəhbərliyi altında qazandığımız zəfər gücümüzü göstərdi. Torpaqlarımız işğalda olanda o acı bizə təsir edirdi. Ordumuz və Ali Baş Komandan bizə sevinci bəxş etdi. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm, biz birlikdə güclüyük".

 

Daha sonra isə İlin Döyüşkən İdman xadimi Fariz Nəcəfov təltif edilib. Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.

 

51 Kütləvi İnformasiya Nümayəndəsinin hərəsinin bir idman jurnalisti olmaqla, aparılan səsvermə nəticəsində 8 nominasiya üzrə qalib müəyyənləşib. Qaliblərdən 2-si şəhid - cüdoçu Cəbrayıl Dövlətzadə və futbolçu İlqar Bürcəliyev, 1-i - jurnalist Daşqın Əziz isə qazidir. Onlar müvafiq olaraq İlin Döyüşkən İdmançısı, İlin Döyüşkən Futbolçusu və İlin Döyüşkən İdman Jurnalisti seçilərək təltif olunublar. Eyni zamanda "Qarabağ" İlin Döyüşkən Komandası, Azərbaycan Cüdo Federasiyası İlin Döyüşkən Ddman qurumu kimi mükafatlandırılıb. Azərbaycanın yeganə qanuni mərc oyunu "eTopaz" şirkəti xüsusi mükafata - İlin Döyüşkən Şirkəti mükafatına sahib olub.

 

Qeyd edək ki, layihənin baş sponsoru eTopaz şirkəti, sponsoru milli geyim brendi İl Azero şirkəti, informasiya dəstəkçisi Report İnformasiya Agentliyidir.