Futbol üzrə Bakı şəhər çempionatına start verilib

Təhsil Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə təşkil etdiyi məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib.

Bakı, Səbuhi Vaqifoğlu, , İnteraz - 11 Mart 2015, 11:51

Təhsil Nazirliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə təşkil etdiyi məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının açılış mərasimi keçirilib.

 

Təhsil Nazirliyindən İnterAz-a verilən məlumata görə, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, AFFA-nın baş katibi Elxan Məmmədov, idman ictimaiyyətinin nümayəndələri və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak edib.

 

Əvvəlcə Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov qeyd edib ki, çempionatın keçirilməsində məqsəd “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirmək, Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarını təbliğ etmək, məktəbli futbolçuların idman ustalıqlarını artırmaq və yeniyetmələri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

 

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəbbət Vəliyeva belə yarışların şagirdlərin ümumilikdə təhsilə marağının artmasına səbəb olduğiunu deyib. İdman yarışları həm də məktəblilərin asudə vaxtlarını daha faydalı keçirməsinə stimul yaradır. 

 

Rəsmi açılış mərasimindən sonra məktəblilərin mini futbol üzrə Bakı şəhər çempionatının 2-ci mərhələsinin oyunlarına start verilib. Bu mərhələdə yarışlar yarımqruplar üzrə təşkil olunub. Sonuncu mərhələdə isə yarımqrupların qalibləri qarşılaşacaq.

 

Qeyd edək ki, çempionatın birinci mərhələsi Bakı şəhərində yerləşən 15 məktəbin idman zalında keçirilib. Bu mərhələdə paytaxtın 305 məktəbindən 3660 nəfər VIII sinif şagirdi iştirak edib.

 

Çempionat aprelin 6-dək davam edəcək. Yarışda I, II və III yeri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələri ilə təltif olunacaqlar.