"Qarabağ"ın qolunu saymayan hakimə UEFA-dan yeni təyinat

Ondrjey Pelikan UEFA-dan növbəti təyinat alıb

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 18 Mart 2015, 16:48

Futbol üzrə Avropa Liqasında Azərbaycanın "Qarabağ" və İtaliyanın "İnter" komandaları arasında keçirilmiş oyunun yan xətt hakimi Ondrjey Pelikan UEFA-dan növbəti təyinat alıb.

 

İnterAz-ın Qol.Az-a istinadən verdiyi xəbərə görə, UEFA Hakimlər Komitəsi Pelikanı 17 - 30 iyunda Çexiyada 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatının hakimləri siyahısına daxil edib. O, qitə birinciliyinin oyunlarında ehtiyat hakim funksiyalarını yerinə yetirəcək 2 yerli hakimdən biri olacaq.

 

Qeyd edək ki, 2014-cü il dekabrın 11-də "Qarabağ" - "İnter" matçının 90+4-cü dəqiqəsində Riçard Almeydanın vurduğu qol məhz Ondrjey Pelikanın işarəsindən sonra sayılmayıb. Pelikan həmin vaxt ofsayd olduğunu bildirib. Nəticədə, baş hakim Miroslav Zelinka qolu ləğv edib və oyun 0:0 hesablı heç-heçə ilə nəticələnib. "Qarabağ"ın şikayətindən sonra hakimlər briqadasının cəzalandırılacağı gözlənilirdi.