“Simurq”dan futbolçuların etiraz aksiyası ilə bağlı rəsmi açıqlama

“Kim sona qədər oynamaq istəmirsə, çıxıb evinə gedə bilər”.

Bakı, Xəyal Şükür, İnteraz - 02 May 2015, 10:48

“Simurq”un futbolçuları Topaz Premyer Liqasının XXXII turu çərçivəsində “İnter”lə matçın (2:3) start fitindən sonra bir dəqiqəlik meydanda oturaraq, son hadisələrə etirazını bildiriblər. 

 

İnterAz xəbər verir ki, klub futbolçuların aksiyası ilə bağlı məlumat yayıb: 

 

“Oyundan bir gün öncə klub rəhbərliyi iclas keçirərək, son hadisələr haqqında onları məlumatlandırıb və bildirilib ki, hazırda son üç ay üçün olan əmək haqlarını verməyə komandanın maliyyə durumu yetərli deyil. Maliyyələşmə olsa, müqavilənin son gününə qədər olan bütün borclar ödəniləcək. Əgər bu vəziyyətdə kim sona qədər oynamaq istəmirsə, çıxıb evinə gedə bilər. Buna görə klub tərəfindən heç bir etiraz olmayacaq. Kimlərsə qalacaqsa, onlarla mövsümün axırına qədər davam edəcəyik. Hər bir kəsə son üç ayda olan problemlərə baxmayaraq işini peşəkarlıqla yanaşdıqlarına görə təşəkkür edilib. 

 

“İnter”lə qarşılaşmada baş verən hadisə isə futbolçuların Zaqatalada futbolun yaşaması üçün göstərdikləri etiraz idi. Bununla klub olaraq Azərbaycan futboluna cavabdeh olan şəxslərə bildirmək istədik ki, bu regionda insanların sevdiyi idman növünün yaşaması üçün üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışsınlar. Etiraz aksiyası oyunçularımızın şəxsi fikirləri idi və qarşılaşmadan öncə klub rəhbərliyinə belə bir hərəkət edəcəklərini bildirmişdilər. Biz isə onların bu fikirlərini dəstəkləmişik. “Simurq” Peşəkar İdman Klubu olaraq futbolçularımıza, işçilərimizə və məşqçi heyətinə hər şeyə görə çox sağ olun deyirik. Azarkeşlərimizə hər an yanımızda olduqlarına görə təşəkkür edirik. İdman mediasınada minnətdarıq ki, Zaqatalada futbolun yaşaması üçün lazım olan dəstəyi göstərirlər. 

 

Qeyd edək ki, hazırda klub rəhbərliyi Zaqatala şəhərini təmsil edən “Simurq” Peşəkar İdman Klubunun yaşaması üçün lazımı şəxslərlə danışıqları davam etdirir. Klub prezidenti Anar Bəkirov artıq AFFA-nın baş katibi Elxan Məmmədovla görüş keçirdib. Elxan Məmmədov bildirib ki, futbol qrumu olaraq “Simurq”un yaşaması üçün lazımı dəstək göstəriləcək və növbəti mövsümdə Zaqatala təmsilçisi maliyyə cəhətdən heç bir çətinlik çəkməyəcək. 

 

İnanırıq ki, bu söz olaraq qalmayacaq və “Simurq” növbəti mövsümdə də yaşayacaq, Şəki-Qax-Zaqatala-Balakən bölgəsinin Premyer Liqada yeganə təmsilçisi olaraq çempionatın ən iddialı komandası olacaq, azarkeşlərinə qələbələrlə bol anlar yaşatmaqda davam edəcək".

 

Qeyd edək ki, dünən Azərbaycan Premyer Liqasının keçirilən “Simurq” – “İnter” oyunundan əvvəl Zaqatala klubunun futbolçuları maaşlarının verilməməsinə etirazının bildiriblər.nlar etirazlarını oturaq aksiya keçirməklə ifadə ediblər. Futbolçular matçın 1-ci dəqiqəsində bu addımı atıblar.