"Baku Fires" boks klubu yeni mövsümə hazırlığı Qubada davam etdirir

Noyabrın 15-də boksçularımız Qazaxıstanla ilk döyüşə çıxacaq

Quba, Rauf Əhmədov, Vüsal Nəbiyev, İnteraz - 08 Noyabr 2013, 14:55

WSB liqasında mübarizə aparan “Baku Fires” boks klubu yeni mövsümə hazırlığı Quba Olimpiya İdman Kompleksində davam etdirir. Təlim-məşq toplanışına 36 boksçu cəlb olunub. Heyətdə ötən il də komandanın düşərgəsində olan dünya və Avropa çempionu Albert Səlimov, Məhəmməd Qurbanov, Nikolay Veselov, Xurşid Tocibayev kimi dəri əlcək ustaları var. 

“Baku fires”in baş məşqçi Nuripaşa Talıbov, məşqçilər Əsgər Eyvazov və Yuri Çuykonun rəhbərliyi altında hazırlıq keçir. Komandamız ilk oyunda Qazaxsıtanla qarşılaşacaq. Noyabrın 15-də baş tutacaq matç öncəsi baş məşqçi Nuripaşa Talıbov idmançıların hazırlığını yüksək qiymətləndirib.

Qeyd edək ki, noyabr ayından etibarən “Baku Fires” klubunun bazası Sərhədçi İdman Kompleksindən Quba OİK-nə köçürülüb. Nuripaşa Talibov yeni bazada yaradılan şəraitdən razılığını bildirib.

Xatırladaq ki, komandamız WSB liqasında B qrupunda Kuba, Meksika, Rusiya, Polşa və Qazaxıstan klubları ilə mübarizə aparacaq. Komandamız ikinci görüşünü isə noyabrın 23-də Qubada meksikalılara qarşı keçirəcək.