Maraqlı avtoqol “Zenit”i məğlubiyyətdən xilas edib

Rusiyanın vitse-çempionu öz meydanında yalnız avtoqol hesabına İspaniyanın “Atletiko”su ilə heç-heçə oynayıb

Moskva, Roman Ağayev, İnteraz - 27 Noyabr 2013, 01:37

İnterAz-ın Rüsiya bürosu xəbər verir ki, Sankt-Peterburqun “Petrovskiy” stadionunda Çempionlar Liqasının 5-ci qrup mərhələsi çərçivəsində baş tutan görüş 1-1 hesabı ilə başa çatıb.

Madridlilər Rusiyaya tərkibində bir neçə əsas oyunçular istisna olmaqla gəlsələr də, “Zenit”-dən heç də geri qalmırdılar. İspaniyalılar oyunun birinci dəqiqələrindən bir neçə təhlükəli məqamlar yaratmağa müvəffəq oldular. “Zenit” təşəbbüsü ala bildi və “Atletiko”nu bir qədər sıxışdırmağa nail oldu. Komandalar fasiləyə 0-0 hesabı ilə getdilər. 

Qapıçı ilə təkbətək çıxan madridli Adrian Lopesin səyləri nəticəsində “Atletiko” matçın 53-cü dəqiqəsində hesabı açdı. “Zenit” 74-cü dəqiqədə hesabı bərabərləşdirməyə nail oldu. İqor Smolnikovun flanqdan zərbə ilə vurduğu top ispaniyalı Tobi Alderveyreldin başından rikoşet edərək Tibo Kurtuanın qoruduğu “Atletiko”nun qapısına girdi. Beləliklə, hesab bərabərləşdi. Oyun heç-heçə başa çatdı. 


Bu görüşdən sonra “Zenit” altı xal toplayaraq özünün pley-off mərhələsinə çıxmaq məsələsini çətinləşdirib.